Şeirlər

Əyyub Türkay. Əlinin peşmanlığı

Əli bir gün dalaşdı,
Məktəbli yoldaşıyla.
Bir daha danışmadı,
Sevimli sirdaşıyla.

 


Dalaşıb inciməyə,
Bir səbəb də yox idi.
Əli deyir ki, mənim,
Gücüm ondan çox idi.

 


Anası gördü oğlu,
Yaman fikir eləyir.
Nə başını qaldırır,
Nə də bir söz söyləyir.

 


Dedi: - oğlum səhvini,
Heç etiraf edirsən?
Axı, hər gün dostunla,
Sən məktəbə gedirsən.

 


Dostluqda nəzakəti,
Gərək yaxşı biləsən.
Mehribanlıq göstərib,
Şənlənəsən, güləsən.

 


Əli səhvin anladı,
Tez dostunu aradı.
Anasının danlağı,

Yaxşı işə yaradı.