Bu maraqlıdır!

Tailandın qədim şəhəri - Sukhothai

Sukhothai Krallığının (1248-1438) qədim paytaxtı olan "Sukhothai" şəhəri-tarixi baxımdan Tailandın unikal şəhəridir. 

 

Şəhər 1238-ci ildə khmerlər tərəfindən qurulub və yüz ildən çox mövcud olub. İndi bu tarixi parkın ərazisi UNESCO tərəfindən qorunur və Ayutthaya ilə birlikdə Tailandın ən maraqlı və vacib görməli yerlərindən biri sayılır.

 

Sukhothai Tarix Parkı, Tailandın şimal-şərqində yerləşir və müasir Sukhothai Thani şəhərindən 12 km və Banqkokdan 430 km məsafədə yerləşir.

 

Sukhothai-zərif məbədləri, sarayları, heyrətamiz abidələri və möhtəşəm su yolları ilə diqqət çəkən kiçik bir şəhər olub. Şəhərin çiçəklənmə dövrü əsasən XIII-XIV-cü əsrlərə təsadüf edib. Məhz burada Tailand mədəniyyəti yaranıb və bu günə qədər gəlib çatıb.

 

Sanskrit dilində, Sukhothai "Xoşbəxtliyin şəfəqi" və ya "Sevincin yaranması" deməkdir. Məhz bu şəhər Ayutthaya imperiyası tərəfindən fəth edilənə qədər, XIII-XIV əsrlərdə qüdrəti bölgədə 120 il sarsılmaz olan Sukhothai çarlığının paytaxtı olub. Şəhər Mon dövləti ərazisində Khmer yaşayış məntəqəsinin yerində salınıb. Demək olar ki, Taylar sözün əsl mənasında Khmer İmperiyasından hər şeyi miras aldılar. Axı qədim khmerlər şəhərsalma planına uyğun olaraq tikintini diqqətlə nəzərdən keçirməklə tanınırdılar. Onların hər bir şəhəri yaşamaq üçün əlverişli, mədəni baxımdan qiymətli, özünəməxsusluğu ilə bənzərsiz idi. Hələ də Sukhothayda bir neçə köhnə Khmer tikilisinin qalıqlarına rast gəlmək olar.

 

Bu gün, Tarixi Sukhothai şəhəri və ətrafı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib, çünki Tailand mədəniyyətinin, yazısının, memarlığının və incəsənətinin məhz burada doğulduğu, Tay əlifbasının yaradıldığı güman edilir. Belə çıxır ki, müasir Tailand krallığının inkişafı buradan başladığı üçün, Sukhothai-sivilizasiyanın inkişafına güclü təkan verən çox qeyri-adi bir yerdir.

 

Tarixi Sukhothai şəhərinin bütün ərazisi təxminən 70 km2-dir. Tarixi Parkın mərkəzi hissəsinin ərazisi-su dolu arx və yaşıl torpaq sahələri ilə əhatə olunmuş meydandır. Bütün kompleksdə 200-ə yaxın tarixi obyekt var, bəzilərində bərpa işləri aparılır. Məbədlər arasında əsasən: parkın şimal hissəsində yerləşən Kral abidəsi və Buddanın heykəlini, köhnə məbədi və bəzək gölməçəsini ehtiva edən Wat Mahathatın adlarını çəkmək olar. Xüsusi maraq doğuran digər strukturlar arasında Khmerlər tərəfindən qurulan və XII-ci əsrin sonu və ya XIII-cü əsrin əvvəllərinə aid olan Sukhothainin ən qədim məbədlərindən biri olan Wat Si Sawai və ən böyük Buddanın olduğu XIII-cü əsrdə Wat Si Chum məbədi var.

 

Sukhothai Tarixi Parkının ərazisi üç hissəyə bölünür: Mərkəzi, Şimal və Qərb.

 

1300-cü illərin sonunda Sukhothai, dünyanın ən böyük Buddizm mərkəzlərindən biri idi. Sir İnthrathit və Ram Khamhaengin varisləri, gözəl Theravada məbədləri qurdular və Sukhothai şəhərinə gəlib yaşamaq üçün uzaqdan Buddist rahibləri işə götürdülər.

 

Sukhothai şəhərinin orta əsr sakinlərinin bənzərsiz bir xüsusiyyəti hidrotexnikada inanılmaz uğurlarıdır. Onlar quraqlıq və ya daşqın dövründə sulara nəzarəti artırmağa imkan verən su anbarları, kanallar və mürəkkəb bəndlər yaradıblar. Suyun geniş miqyasda idarə edilməsi Sukhothai fermerlərinə və tacirlərinə əkinçilik, ticarət və ritual xarakterli müxtəlif fəaliyyətlər həyata keçirməyə kömək edib. Bu da,öz növbəsində, Sukhothai şəhərində daha çox rifaha və daha çox ictimai harmoniyaya səbəb olub.

 

Sukhothai şəhəri cəmi 200 ildən az bir müddətdə çiçəklənsə də, şübhəsiz ki, Tailand tarixinin sonrakı gedişatında və əlbəttə ki Tailand mədəniyyətində daimi iz buraxdı.