Şeirlər

Baba Vəziroğlu. Nağıl şəhəri

O şəhərdə göylər təmiz,
Hər tərəf gül-çiçək olur.
Oğlanları igid, qoçaq,
Bütün qızlar göyçək olur...

 

Küçələri ayna kimi,
Gur alışır işıqları.
Böyükləri bəxtəvərdi,
Xoşbəxt olur uşaqları...

 

O şəhərdə nə ayrılıq,
Nə bir damla göz yaşı var.
Hər kəsin öz könül yarı,
Bir dostu, bir sirdaşı var...

 

Orda sevgi əbədidir,
Ələ düşməz qüssə-kədər.
O şəhərdə varlı olur,
Kim xoşbəxtsə, bir o qədər...

 

 

İstəmirəm keçsin gecə,
Gəlsin səhər, açılsın dan.
Ayrılmayım o şəhərdən,
Ayılmayım o yuxudan...

 

O şəhərdə gəzəcəyəm,
Bəlkə elə gün olacaq.
Gözəl-göyçək arzularım,
Yuxularım çin olacaq?!.

 

Bahar niyə keçib gedir,
Payız gəlir, xəzəl olur.
Niyə axı o şəhərlər
Nağıllarda gözəl olur?!.

 

Bir ümidlə boylanıram,
Hər açılan səhərimə.
Görən haçan gedəcəyəm,
Gözəl nağıl şəhərimə?!.