Görkəmli şəxsiyyətlər

Görkəmli fizik - Alessandro Volta

Böyük mütəfəkkir və məşhur ixtiraçı olmuş Alessandro Volta (1745-1827)-elektrik nəzəriyyəsinin banilərindən biri, batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fiziki və fizioloqudur. Bacarıqlı və qeyri-adi eksperimentator olan Volta demək olar ki, bütün həyatını elektrik haqqında təlimin inkişafına sərf edib. O, ilk kimyəvi cərəyan mənbəyi yaradıb (1800, volt sütun), elektrik potensialı fərqini kəşf edib. 


Alessandro Volta Milan yaxınlığındakı kiçik Komo şəhərində anadan olub. Gənc Volta məktəbdə oxuyarkən əməksevərliyi ilə böyük istedada malik olduğunu büruzə verib, təbiət elmlərinə maraq göstərib. O, gənc yaşlarından elektrik hadisələri ilə daha çox maraqlanıb. Volta, Luidji Qalvaninin "Heyvan elektriki" nəzəriyyəsini təcrübədə yoxlayıb səhv olduğunu göstərib. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi.

 

1769-cu ildə Volt öz ilk əsərini çap etdirir, 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi “Elektrofor” ilə də məşhurlaşır. Bu qurğu ilə statik halda əldə edilən elektrik rahat nəql edilə bilirdi. Bundan sonra Volta həmin məktəbdə fizika üzrə dərs demək hüququ alır. 1776-ci ildə “Metan” qazını kəşf edir və yanan qazla sınaqlar aparır (Qazla işləyən Volt alışqanı). Bununla o daimi yanan lampanı düzəldir. Bütün bunlar ona 1778-ci ildə Pavia Universitetində professor vəzifəsini almağa imkan verir. Orada Volt kiçicik elektrik tutumunu ölçmək üçün elektroskopu ixtira edir. Burada o gərginlik məhfumunu daxil edir. Kondensatora verilmiş gərginlik və yük arasındakı mütənasibliyi də o təsvir edib. Voltanın ən böyük ixtirası 1800-ci ildə "Volt sütunu" olub. Bu ilk işlək batareya idi. Bu sütun bir-birinin üzərinə yığılmış mis və sink lövhələrdən ibarət idi. Bu lövhələr duzlu suda isladılmış parça ilə bir-birindən ayrılmışdılar. İlk batareyanın ixtirası ona elektrik cərəyanının maqnetik xassələrini və elektrikin kimyada tətbiqini araşdırmağa şərait yaratdı.


1791-ci ildə Volta London Kral Cəmiyyətinə üzv seçilir. 1792-ci ildə o ikinci dəfə olaraq xarici səyahətə çıxır. 1801-ci ildə Parisə gedərək Napoleona öz batareyasını təqdim edir. 1802-ci ildə Volt Fransa İnstitutu tərəfindən fəxri medala layiq görülür. Napoleon İtaliyanı zəbt etdikdən sonra Volta Senator vəzifəsi verir və 1810-cu ildə onu Qraf səviyyəsinə qaldırır.


Volta 1794-cü ildə varlı ailədən olan Teresa Pereqrini ilə evlənir. Onların iki oğlu dünyaya gəlir. Volta Komo şəhərində dəfn olunub. Onun alətləri orada yerləşən Volt muzeyində saxlanılır. Onun vəfatından 70 il sonra Voltanın şərəfinə elektrik gərginliyinin vahidi "Volt" qəbul edilir.


Maraqlı Faktlar:


Ayın görünən tərəfindəki krater 1964-cü ildə Alessandro Voltanın şərəfinə adlandırılıb.


10.000 lirəlik italyan əskinasında Voltanın portreti və Volta sütununun təsviri var.


Parisdə Alessandro Voltanın şərəfinə adlandırılmış bir küçə var.