Görkəmli şəxsiyyətlər

Midhəd Abbasov

Neftçi, alim, texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Midhəd Teymur oğlu Abbasov 31 iyul 1926-cı ildə Bakıda doğulmuşdur.


1949-cu ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun neft sənayesi fakültəsini bitirmişdir. M. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. 1951-ci ildən Azərbaycan Elmlər Akademiyasında işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur.

 

1990-cı ildə M. Abbasov Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. Midhəd Abasov 660-dan artıq elmi məqalənin və 16 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Onun rəhbərliyi altında 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb. Midhəd Abbasov bir sıra elmi-texniki cəmiyyətlərin üzvü olmuş, SSRİ Ali Sovetinə deputat seçilmişdir. Orden və medallarla təltif olunmuşdur.

 

1991-ci ildə Azərbaycan Respublikası Prezident Şurasının üzvü, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının dövlət katibi olmuşdur. 1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M. Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləmişdir.

 


Midhəd Abbasov 23 aprel 2012-ci ildə vəfat etmişdir.