Atalar sözləri

Başın yaxşı başdır, hayıf ki, qarpızla işləyir

Fitri istedada, yüksək ağıl və dərrakəyə malik olan, lakin öz qabiliyyətini mənasız, gərəksiz işlərə sərf edən adamlar haqqında işlədilən ifadə


İfadə Nəsirəddin Tusi ilə bağlı bir rəvayətdən yaranaraq yayılmışdır. Rəvayətdə deyilir ki, bir gün Xacə Nəsirəddin Marağaya gedərkən bir bostançının evində gecələməli olur. Bostançı onu qarpıza qonaq edir. Qarpızları hörmətli qonağın qarşısına düzən bostançı onları kəsməmişdən qabaq hər bir qarpızın rəngi və dadı haqqında təfsilatı ilə məlumat verir. Qarpızları kəsərək deyilənlərin doğru çıxdığını görən Xacə Nəsirəddin təəccüblənir və təəssüflə deyir:


– Qoca, başın yaxşı başdır, heyif ki, qarpıza işləyir.


– Qurban, qarpız da Allah nemətidir, – deyə qoca nəzakətlə cavab verir.


– Orası elədir, lakin mən ayrı cəhətdən düşünürəm. Düşünürəm ki, görəsən, öz kamalı ilə xariqələr yaratmaq qüdrətində olan nə qədər adam başını bostanda işlədir, ömrü boyu bir qarpızı o birisindən seçə bilməyənlər də saraylarda, yüksək məqamlarda mövqe tuturlar?..


Bu rəvayətdən çıxan qənaət həm də odur ki, cəmiyyətə fayda vermək üçün qabiliyyəti, bacarığı olan insanlar layiq olduqları mənsəbi tutmalıdır.