Əziz Əliyev
Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ildə İrəvanda anadan olmuşdur. İlk təhsilini İrəvanda Abdulla bəy Muğanlinskinin pansionatinda almışdır. O, İrəvan gimnaziyasını 1917-ci ildə qızıl medalla bitirdikdən sonra Peterburqda Hərbi-Tibb Akademiyasına daxil olmuşdur. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlarla bağlı o, ailəsini əvvəlcə Naxçıvanın Şahtaxtı kəndinə, oradan isə İrana aparmağa məcbur olmuşdur. 1921-ci ildə yenidən Şahtaxtiya qayıdaraq iki il orada həkim köməkçisi işləmişdir. 1923-cü ilin mayında Bakıya köçmüş və Xalq Komissarları Şurasında işləmişdir. Bununla yanaşı Tibb İnstitutunda təhsil almış və oranı 1927-ci ildə bitirmişdir.
1928-1930-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri və Klinik İnstitutun direktoru vəzifəsində çalışmışdır. 1932-1934-cü illərdə Tibb İnstitutunun direktoru, sonra isə Bakı şəhər səhiyyə şöbəsinin rəisi işləmişdir. 1936-1937-ci illərdə Tibb İnstitutunun direktoru və ADU-nun rektoru vəzifələrində çalışmış, həmin ildə doktorluq işini müdafiə etmişdir. 1938-1939-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1939-1941-ci illərdə xalq səhiyyə komissarı, 1941-ci ilin martından 1942-ci ilin sentyabrınadək Azərbaycan KP MK-nın katibi, 1948-ci ilin dekabrınadək isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1949-1950-ci illərdə İctimai Elmlər Akademiyasında dinləyici, sonra isə ÜİK(b)P MK-nın inspektoru olmuşdur. 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. O zaman Azərbaycan KP MK-nın birinci katibi olan Mir Cəfər Bağırov Əziz Əliyevə qarşı qısqanclıq edərək onun vəzifədən uzaqlaşdırılmasına nail olmuşdur. Ə.Əliyev 1952-1956-cı illərdə Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və Sabunçu rayon xəstəxanasında baş həkimin müavini, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir.
Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. O, 1962-ci ilin iyul ayının 27-də vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanda və Dağıstanda bir sıra küçələr onun adı ilə adlandırılmışdır.
Qızı Zərifə Əliyeva Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası Zərifə xanım 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbiri yanında dəfn olunmuşdur.
Böyük oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor, respublikanın baş terapevti idi. Uzun müddət Tibb Universitetində daxili xəstəliklər kafedrasının müdiri, müdafiə şurasının sədri olmuşdur.
Kiçik oğlu Cəmil Əliyev tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimidir. Cəmil Əliyev Azərbaycan Respublikası Prezidentinin Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.
16.12.2022