Nağıllar, hekayələr

Daş paltar

Günlərin bir günü Biləndərgilin kəndinə düşmənlər hücum etmişdilər. Onlar kəndin adamlarına dedilər:

 

- Sizə bir təklifimiz var. Sabah kəndin ağıllı adamları meydana yığılsın. Onlara bir sual verəcəyik. Əgər suala cavab versələr, sizinlə işimiz yoxdur. Yox, cavab verə bilməsələr, kəndi sizdən alacağıq.

 

Səhəri gün hamı meydana toplaşmışdı. Biləndər də orada idi. Düşmən əsgərləri böyük bir daşı darta-darta meydana gətirdilər:

 

- Bizim padşahımız əmr edir ki, bu daşdan ona paltar tikəsiniz.

 

Hamı təəccüblə bir-birinə baxdı.

 

- Necə? Daşdan da paltar olar?

 

Biləndər irəli gəlib dedi:

 

- Daşdan paltar tikmək mənim üçün çətin deyil. Ancaq iynəm qırılıb. Sapım da qurtarıb.

 

Sonra o, yerdən bir ovuc qum götürüb dedi:

 

- Alın, bu qumdan mənim üçün iynə-sap düzəldin.

 

Padşahın adamları təəccüblə dedilər:

 

- Nə? Qumdan da iynə-sap olar?

 

- Çox yaxşı olar. Qumdan iynə-sap düzəldə bilməyən adam daşdan da paltar geyinməz.

 

Padşahın adamları pərt olub geri qayıtdılar. Hamı Biləndərin hazırcavablığına heyran oldu.