Görkəmli şəxsiyyətlər

Fərhad Bədəlbəyli

Görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

 

1965-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

 

1969-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olub, 1971-ci ildə oranı bitirib.

 

1967 və 1968-ci illərdə Praqa və Lissabonda keçirilən müsabiqələrdə qalib olub. 1971-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1973-cü ildə baş müəllim, 1978-ci ildə dosent, 1985-ci ildə professor vəzifələrinə təyin olunub.

 

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında Fərhad Bədəlbəylinin layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş auditoriyaya tanıdıb və sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. O, mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir.

 

F.Bədəlbəyli, eyni zamanda, 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. Onun təşəbbüsü ilə 1987–1996-cı illərdə rəhbəri olduğu Bakı İncəsənət Mərkəzi və hazırda sədri olduğu Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb. Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.

 

1978-ci ildə Azərbaycan SSR Xalq artisti, 1985-ci ildə Dövlət mükafatı, 1990-cı ildə SSSR Xalq artisti adına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2017-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.

 

1989-cu ildən Azərbaycan Musiqi Xadimləri İttifaqının sədridir. 2009-cu ildən Qəbələ Musiqi Festivalının bədii rəhbəridir.

 

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.