Atalar sözləri

Onun ayağının bildiyini mənim başım bilmir

Çox bilikli, zəkalı, müdrik və nüfuzlu adama yüksək ehtiram bildirmək üçün işlədilən ifadə


İfadə məşhur milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevə məxsusdur. Xatirələrdə qeyd olunduğuna görə, Azərbaycanın məşhur xeyriyyəçisi, milli burjuaziyanın görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyev tanınmış din xadimi Axund Hacı Turabla tez-tez dünyanın olub-olacaqları barədə söhbətlər edərmiş. Eyni zamanda «Quran» ayələrini də oxuyub dinləyərmişlər. Bir gün axund «Quran»ın «Yasin» surəsini oxuyub Tağıyev üçün tərcümə edir.


82-ci ayəyə – yəni «Allah bir şeyə iradə eləsə, ona «Ol!» deyər, o da dərhal olar» – çatanda Hacı soruşur ki, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?


Axund təmkinlə cavab verir ki, «bəli!» Hacı bir də soruşur ki, «Axı mənim sərvətimin bir hissəsi burdadırsa, bir hissəsi də dünyanın başqa-başqa yerlərindədir, yəni Allah istəsə, bunları eyni vaxtda əlimdən alar?»

 

Axund tövrünu pozmadan «bəli» deyə cavab verir. Allahın qüdrətinə heç vaxt şəkk etməyən milyonçu Tağıyev dərin fikrə gedir...

 

Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə, demək olar, bütün sərvəti əlindən alınan Hacı öləndə bu məşhur ifadəni işlədir və vəsiyyət edir ki, onu Hacı Turabın ayağının altında dəfn etsinlər.