Odlar Yurdu

Yuxarı Əskipara kəndində Dördkünclü qala

Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyətində köməkçi binalar olub. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda tikilmişdir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.


1990-cı ildə Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar. Hazırda həmin abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.