İlham İlhami. İki sual
Səmid Səidi
Çəkdi suala,
Səid Səmidi
Çəkdi suala.
Səid də cavab
Verdi Səmidə,
Səmid də cavab
Verdi Səidə.
Siz də düşünün
Əziz uşaqlar,
Bu suallara
Tapın cavablar:
Bir kişinin iki oğlu,
Hər oğulun iki oğlu,
Varsa, deyin nəvələrin
Neçə olur sayı doğru?
O, kəsin ki, atası var,
Atasının atası var,
Babasının atası var –
O, kəs necə adlanar?