Görkəmli şəxsiyyətlər

Xəlil İbrahim

Tanınmış jurnalist, tənqidçi və tərcüməçi Xəlil İbrahim oğlu İbrahimov 1892-ci ildə Şuşada doğulmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini orada davam etdirmişdir.

 

O, 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlamışdır. Birinci Dünya müharibəsi illərində, beynəlxalq məsələlərə, müharibənin dəhşətlərinə həsr olunmuş “Dəhşətli yanğın qarşısında”, “Avropa müharibəsi nə qədər baha ilə bitəcəkdir”, “Alban inqilabı”, “Kənd həyatından səhnələr” və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış etmişdir.

 

1919-cu ildə X. İbrahim “Azərbaycan” qəzetinin yaradıcılarından biri və baş redaktoru olmuşdur. Bu illərdə o, Azərbaycan milli teatr və mədəniyyətinin inkişafı və problemlərilə bağlı onlarla məqalə və resenziyalarla çıxış etmiş, dil islahatı, terminoloji lüğətlərin hazırlanması, Azərbaycan əlifbası problemləri, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra X. İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı müxtəlif problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış etmişdir. X. İbrahim AXC-nin və Müsavat partiyasının qabaqcıl xadimlərindən olduğu üçün 1923-cü ildə kommunist rejimi tərəfindən həbs olunmuş, bir qədər sonra günahı sübut olunmadığından azad olunmuşdur.

 

X. İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A. Tolstoyun və bir sıra başqa Qərbi Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, 1937-ci ilin noyabr ayında “xalq düşməni” kimi həbs olunmuş, 4 ay sonra, 1938-ci ildə güllələnmişdir. Stalinin ölümündən sonra bəraət verilmişdir. Xəlil İbrahimin oğlu Elxan İbrahimov (1921-1981) jurnalist-tərcüməçi olmuşdur. 1925-ci ildə doğulmuş qızı Solmaz İbrahimova Moskva Dövlət Pedaqoji Universitetinin ingilis dili kafedrasının professoru olmuşdur. 1934-cü ildə doğulmuş ikinci qızı Güllər İbrahimova Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidrotexnik qurğular kafedrasının dosenti olmuşdur.