Görkəmli şəxsiyyətlər

Zülfü Adıgözəlov

Muğam ustası Zülfü (Zülfüqar) Səməd oğlu Adıgözəlov 1898-ci ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Ağcabədidə alıb. 1926-cı ilin sonlarından başlayaraq o, bir xanəndə kimi Gəncə toylarında da fəal iştirak edirdi.

 

1927-cü ildə Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir.

 

Zülfü Adıgözəlov muğam dəstgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır.

 

Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğam dəstgahları, bir sıra təsniflər, “Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik” və digər mahnılar musiqi xəzinəmizin nadir inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.

 

Azərbaycan kinosunun inkişafında da Zülfü Adıgözəlovun xidmətləri var. “Səbuhi”, “Bakılılar”, “Kəndlilər” filmlərinin çəkilişinə dəvət alan unudulmaz xanəndəmiz bu məşhur filmlərdə məlahətli səsini əbədiləşdirib.

 

Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan “Əraq-Pəncgah”, “Hasar-müxalif”, “Vilayəti-Dilkeş” muğamları gözəl örnəklərdir. 1943-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

 

Zülfü Adıgözəlov 31 may 1963-cü ildə Bakıda vəfat etmişdir.

 

Oğlu Vasif Adıgözəlov (1935-2006) bəstəkar, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti, “Şöhrət” və “İstiqlal” fəxri adlarına layiq görülmüşdür.

 

Digər oğlu Rauf Adıgözəlov (1940-2002) skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi olmuşdur.

 

Nəvəsi Yalçın Adıgözəlov dirijor, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artistidir.