Görkəmli şəxsiyyətlər

Əfşan Qədimbəyova

Mirzə Qədim İrəvaninin Qədimbəyov soyadını daşıyan törəmələri içərisində bir çox parlaq şəxsiyyətlər olmuşdur. Onların arasında 1915-ci ildə İrəvan şəhərində anadan olmuş Əfşan xanım xüsusilə seçilir. O, 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Ana dili ilə yanaşı, rus və ingilis dillərini mükəmməl bilən Əfşan xanım iki il Moskvada Pedaqoji İnstitutun aspiranturasında təhsil aldıqdan sonra Bakıya qayıtmış, 1942-ci ildə Azərbaycan Gənclər İttifaqının üçüncü katibi seçilmiş və dörd il həmin vəzifədə çalışmışdır.


Daha sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru işləmişdir. Əfşan xanım 1953-cü ildə həm də Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.


1965-ci ildə “1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda” namizədlik dissertasiyası müdafiə etmişdir.


Ə.Qədimbəyova dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.


Ə.Qədimbəyova 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış və 1980-ci ildə dünyasını dəyişmişdir.


Mirzə Qədim İrəvaninin rəssamlıq ənənəsini onun nəticəsi, Əməkdar incəsənət xadimi İsmət Axundov davam etdirmişdir. 1925-ci ildə İrəvan şəhərində anadan olmuş İ. Axundov ilk təhsilini İrəvanda almış, sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. İ. Axundov əsasən mənzərə janrında əsərlər yaratmışdır.


Qədimbəyovlar nəslinin daha bir nümayəndəsi Zaur Qədimbəyov sanballı jurnalist kimi keçmiş İttifaqda yaxşı tanınırdı. O, uzun illər “İzvestiya”nın xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir.


Bu ziyalı nəslin başqa bir nümayəndəsi Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdır. “Qan qohumluğu” (1989) “Mustafa Topçubaşov”, (1989) “Ailənin intim dünyası” (1990), “İnsanlar üçün bəla” (1990), “Xalq təbabətinin ensiklopediyası” (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradıcılıqla məşğul olmuşdur.


Ş.Qədimovun bacısı Siddiqə Qədimova (1912-1986) “Sovet Ermənistanı” qəzetində çalışmış, SSRİ Ali Sovetinin deputatı seçilmiş, İrəvanda ilk dəfə olaraq Azərbaycan dilində radio verilişlərini hazırlamış, ömrünün son günlərinə qədər həmin redaksiyada şöbə müdiri olmuşdur.