Görkəmli şəxsiyyətlər

Mirəli Seyidov

Mirəli Mirələkbər oğlu Seyidov 1918-ci ildə İrəvanda anadan olmuş, ibtidai təhsilini burada almışdır. 1938-ci ildə Bakıda hidromeliorasiya texnikumunu bitirmişdir. 1938-1944-cü illərdə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsində təhsil almışdır. Eyni zamanda, 1941-1945-ci illərdə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxumuşdur.


Həmin illərdə “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini vəzifələrində işləmişdir. 1945-1953-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1953-1960-cı illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi, 1960-1967-ci illərdə ədəbi əlaqələr şöbəsində baş elmi işçi, 1967-1980-ci illərdə şöbə müdiri, 1980-1988-ci illərdə Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri işləmişdir.


1953-cü ildə “Sayat Novanın həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1969-cu ildə isə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.


Mirəli Seyidovun 1954-cü ildə “Sayat Nova”, 1963-cü ildə “Qövsi Təbrizi”, “Qafqaz xalqlarının nəğməkarı”, 1969-cu ildə “Azərbaycan-erməni ədəbi əlaqələri” (rusca), 1976-cı ildə “Azərbaycan-erməni ədəbi əlaqələri – orta əsrlər” kitabları çap olunub.


Müəllifin “Azərbaycan mifik təfəkkürünün qaynaqları” (1983), Qızıl döyüşçünün taleyi” (1984), “Azərbaycan xalqının soykökünü düşünərkən” (1989), “Yaz bayramı” (1990), “Qam-şaman və onun qaynaqlarına ümumi baxış” (1994), “Böri-qurt” (2006) kitabları işıq üzü görmüşdür.


Mirəli Seyidov Əməkdar elm xadimi adına layiq görülmüşdür.


1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur. Bakının küçələrindən biri onun adını daşıyır.