Görkəmli şəxsiyyətlər

Sabir Rzayev

Görkəmli kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rzayev həmin vaxt Moskvada “İnostrannaya literatura” jurnalının redaksiyasında Türk ədəbiyyatı şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş, 1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıtmış və “Kommunist” qəzetində işləmişdir. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlamışdır.


Sabir Rzayev 1951-ci ildə İrəvandakı Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra “Armenfilm” kinostudiyasında ssenarı şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir. 1965-ci ildən ömrünün sonunadək Ermənistan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləmişdir. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılmış, bir sıra monoqrafiyalar yazılmışdı.


Erməni dilini mükəmməl bilən Sabir Rzayev əsərlərini rus dilində yazmışdır.


Sabir Rzayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olmuşdu. Onun atası Əkbər Rzayev hələ İrəvan gimnaziyasında oxuyarkən “Könülsüz nikah” adlı komediya yazmış və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuşdu. Daha sonralar Əkbər Rzayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa etmişdir. Anası Firəngiz Rzayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olmuşdur.


Sabir Əkbər oğlu Rzayev 1975-ci ildə Ermənistan SSR-in Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Müasir erməni sənətşünasları Sabir Rzayevi erməni kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi olmuşdur. Sabir Rzayevin qələmindən çıxan “Erməni bədii kinematoqrafiyası” (1963), “Raçya Nersesyan” (1968), “Vardan Əcəmyan” (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilmişdir.


Onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində “Ermənistanda Azərbaycan teatrı” adı altında çap olunmuşdur. İrəvan teatrının banisi Yunis Nuri haqqında Sabir Rzayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı “Yunis Nuri” kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunmuşdur.


Ümumiyyətlə, Sabir Rzayevin müəllifliyi və tərtibçiliyi ilə 28 kitabı çap olunmuşdur. Onlardan 14-ü rus dilində, 13-ü erməni dilinə tərcümə olunaraq, 1-i isə azərbaycanca çap olunmuşdur.


Sabir Rzayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda “Избранные работы: о театре и кино” adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilmişdir.


Sabir Rzayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşmışdır. O, 20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirmiş və məruzəsini tamamlaya bilməyərək gözlərini əbədi yummuşdur.


Sabir Rzayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilmişdir.