Nağıllar, hekayələr

Zahid Xəlil. Ağca və axça

Onlar iki bacı idilər. Amma hərəsinin öz arzusu vardı.


Ağca buluddan ayrılandan sonra şam ağacının budağına qonmaq istəyirdi.


- Bilirsən nə gözəl yelləncəkdi, — deyə hərdən bu barədə Axçaya danışırdı.

 

- Azca külək əsir, budaqlar qafil tərpənir, sən də özün üçün yellənirsən.


Axçanın isə arzusu o idi ki, yerə düşsün. O fikirləşirdi ki, uşaqlar qardan adam düzəldəndə ondan da istifadə edərlər. Bir sözlə nəyəsə yaramaq istəyirdi.


Bacılar elə bu arzularla əllərini buluddan üzdülər. Şam meşələri yaşıl yol kimi uzanıb gedirdi. Ağca yel vurduqca yеllənən ağaclara həsrətlə baxıb budaqlardan birinə qonacağını gözləyirdi.


Axca göz işlədikcə uzanıb gedən Qar dənizinə baxıb sevinirdi:


- Bura bax, budaqda yellənəndə hərdən aşağı da baxarsan. Mən çalışacağam ki, qar adamının saçı olum. Onda sənə lap yaxınlaşacağam.


- Yaxşı, -deyə Ağca cavab verdi.

- Mən də çalışacağam ki, lap aşağı budağa qonum ki, səni yaxşı görə bilim.


Kiçik bir külək onları havada oynatdı və bacılar sürətlə aşağı gəlməyə başladılar. Heyf ki, yerə çatanda lap gözlənilməz bir iş oldu. Ağca budağa qonmaq əvəzinə yerə düşdü. Axca isə yerə düşmək əvəzinə budağa ilişib qaldı. Onlar nə qədər əlləşdilərsə bir şey çıxmadı. Nə Axça yerə düşə bildi, nə də Ağca yenidən budağa qayıda bildi.

 

Neynəmək olar. Həyatda bəzən hər şey tərsinə olur. Gərək buna dözməyi bacarasan. Bacılar dözdülər.


Yaz gəldi. Əvvəlcə budağa qonan Axça bircə damla suya çevrilib axırı ki, həsrətində olduğu torpağa düşdü. Ağca da yavaş-yavaş əridi və torpağa qarışdı. Kol dibində iki ağ çiçək bitmişdi. Birinin başı aşağı əyilmişdi. Biri ağ kirpiklərini şax tutaraq günəşə baxırdı.


Günəşə baxan Ağca idi. Heç olmazsa indi doyunca budaqlara baxmaq istəyirdi. Başını aşağı salan isə Axça idi. Ürəkdən sevdiyi torpağa əyilmişdi.


Deyirəm dünyada necə maraqlı işlər olur.