Bu maraqlıdır!

Musiqi notlarını kim icad edib

Musiqi not adlarının mənşəyi və ümumiyyətlə notların inkişafı prosesi çox maraqlı bir hekayədir. Fakt budur ki, hamımıza tanış olan notlar - DO RE MI FA SOL LYA Sİ ilk dəfə yalnız orta əsrlərdə, yəni XI əsrdə ərsəyə gəlmişdir. Məsələn, əvvəllər Avropa musiqisində səslərin hərf tərifləri əvvəlcə yunan, daha sonra latın əlifbası əsasında yayılmışdır.

 

Musiqi notlarının icad edilməsi Florensiya yaxınlığında, Toskananın Arezzo şəhərciyində yaşayan rahib Qvido d’Arezzonun (990-1050) adı ilə bağlıdır.

 

Qvido musiqi müəllimi idi və kilsə xorunda çalışıb. O, İtaliyanın bir neçə şəhərini gəzmiş, hətta Roma papası XIX İohann ilə görüşüb. Musiqi notlarının yaradılması üzərində çox çalışmışdır.

 

Bir dəfə, Qvido musiqi notları yaratmağı düşünərkən, Müqəddəs İohanna həsr olunmuş duadan akrostix (sətirlərin baş həfrlərinin bir söz və ya cümlə əmələ gətirən şeir) əsasında sistem yaratmağı qərara aldı:

 

UT queant laxis

REsonare fibris

MIra gestorum

FAmuli tuorum

SOLve polluti

LAbii reatum

Sancte Ioannes

 

Notların müasir mənaları belədir:

 

Do – Dominus – Tanrı;

Re – rerum – Materiya;

Mi – miraculum – Möcüzə;

Fa – familias рlanetarium – Planet ailəsi, və ya Günəş sistemi

Sol – solis – Günəş;

Lya – lactea via – Süd yolu;

Si – siderae – Səma.

 

Musiqişünas alimlər qədim yunan not sistemini şərh etmək üçün IV əsrdə yaşamış yunan musiqişünası Alipiyin düzəltdiyi cədvəldən istifadə edirlər. Bu cədvəldən məlum olur ki, o zaman hər bir musiqi kökünün tərkibində olan hər pərdə üçün və hə pərdədən ya zildə, ya da bəmdə duran hər səs üçün bir hərfi işarə ayrılmışdır. Buna görə də yunan musiqi sistemində işlənən bütün səsləri və həm də ifaçılıq ədalarını dəqiq surətdə qeydə almaq üçün 1620 müxtəlif işarədən istifadə etmək lazım gəlirmiş. Təbiidir ki, heç kəs bu qədər işarəni yadında saxlayıb musiqi ifaçılığında tətbiq edə bilməzdi. Odur ki, qədim yunan musiqiçiləri istər instrumental, istərsə də vokal musiqi üçün cəmi 90 işarədən istifadə etmişlər ki, bunları da hafizədə saxlamaq yenə asan iş deyildi. Not yazısının təkmilləşməsi yolunda xristian kilsə xadimlərinin də böyük rolu olmuşdur. Bu da ondan irəli gəlmişdir ki, köhnə bütpərəstliyin xarabazarlığı üzərində yaranan yeni xaçpərəstlik dini musiqi sənətindən öz mənafeyi üçün çox geniş və səmərəli istifadə etmişdir.

 

Kilsələrdə böyük xor dəstələri təşkil olunur, dini ayindər iki dəstəyə bölünərək növbə ilə oxuyan “antifon” nəğməkarlar dəstəsinin avazı ilə müşahidə edilirdi. Görkəmli keşişlər, katolik kilsəsinin başçısı olan papalar və rütbəli kilsə xadimləri musiqi avazı ilə ifa edilən bir çox müxtəlif himnlər, mədhiyyələr, dualar bəstələyirdilər.

 

Hələ VI əsrin axırında katolik kilsəsinin başçısı Birinci Qriqori yenidən bəstələdiyi (tərtib etdiyi) bir çox dini xor əsərlərini “nevma” adlanan xüsusi işarələr ilə qeydə almış və dünyanın bir çox kilsələrinə göndərmişdi. Musiqi not yazısının ən qədim üsullarından olan “nevma” notasiyası (musiqinin yazılışı üçün istifadə olunan müxtəlif qrafik işarələrə “not”, bu qrafik işarələrin küll halında birləşməsinə isə “notasiya”, ya da “not yazısı” deyirlər) müxtəlif yazı işarələrindən (cızıqlar, nöqtələr, cizgilər, vergüllər və sair), eləcə də bu işarələrin birləşməsindən əmələ gələn müxtəlif uyğunlaşdırmalardan ibarət idi.

 

“Nevma” sözünün hərfi mənası “əl ilə işarə” deməkdir. Onun bir termin kimi müəyyən not yazısı üsulu üçün qəbul olunma tarixi çox maraqlıdır. Orta əsrlərdə, musiqinin notsuz öyrənilib oxunulduğu dövrdə, xora dirijorluq edənlər ifa olunan əsərin ölçüsünü, mahnı melodiyasının istiqamətini (zil və ya bəm tərəfə), ifaçılıq ədalarını öz əllərinin və barmaqlarının muxtəlif şərti hərəkətləri ilə xor nəğməkarlarına təlqin edirdilər. Bu növ drijorluq qaydasına heyronomiya deyilir. Təxminən X əsrdə Qərbi Avropada çoxsəsli (yəni, eyni zamanda səslənən iki və daha çox müstəqil melodiyalardan ibarət) musiqi meydana gəldikdə nevma not yazısı sistemi artıq musiqiçiləri təmin etmədi. Beləliklə, bu günkü stenoqrafik yazını andıran nevma notasiyası musiqi sədalarının yüksəkliyini dəqiq göstərməkdə aciz idi. Həyat not yazısı işində yeni islahat aparılmasını, böyük bir dönüş yaradılmasını tələb edirdi.

 

İlk not xəttinin birinci olaraq kim tərəfindən tətbiq olunduğunu müəyyən etmək hazırda mümkün deyildir. Lakin burası məlumdur ki, ən əvvəl not işarəsi üzərində bir qırmızı xətt çəkilirdi ki, bu “fa” pərdəsini andırırdı, sonralar bu qırmızı xəttə paralel olaraq sarı və bəzən isə yaşıl rəngli ikinci xətt çəkilirmiş ki, bu da başqa pərdələri andırırmış. Musiqi sədalarının xətlər üzərində qeydə alınması təşəbbüsü daha münasib görüldüyü üçün sonralar üç, dörd və nəhayət beş xətdən ibarət indiki not sətri yaradılır. Beləliklə, bu xətlərdən istifadə yolu ilə musiqinin kağız üzərində qeydə alınması işində müəyyən nailiyyətlər əldə edilir.