Şeirlər

Rəsul Rza. Təranənin oyuncaqları

Təranə bir qızdır ki,
Gur saçları qapqara.
Hər gün başı qarışır
Bağçada oyunlara.
Gah gizlənqaç oynayır,
Gah qaçaqaç oynayır.
Təranənin bağçada
Çoxlu yoldaşları var,
Gah söhbət eləyirlər,
Gah oyun oynayırlar.
Xoş keçirir vaxtını
Bağçanın uşaqları
Qəşəngdir, tərtəmizdir
Bütün oyuncaqları.
Əli, Araz ev tikir,
Təranə şəkil çəkir.
Firuzə dibçəklərə
Çiçək əkir, gül əkir.
Burda çox oyuncaq var.
Ayı, tülkü, canavar,
Alaquyruqlu məstan,
Qırmızıgözlü dovşan,
Yatıb-duran bir kukla.
Çal xoruz çil toyuqla
Dayanmışdır yanaşı.
Bax, bu, ala çəpişdir.
Bu da onun qardaşı.
İynə də var, sap da var,
Şəkilli kitab da var.
Bu çiçəyi dibçəyə
Bu gün Firuzə əkib,
Bu dəvə şəklini də
Təranə indi çəkib.
Ancaq ki, boz dəvənin
Çox uzun quyruğu var.
Bu dəvənin şəklinə
Baxıb gülür uşaqlar.
Deyirlər:-Dəvə deyil,
Bu ya atdır, ya qatır.

Quyruğuna baxın bir,
Az qala yerə çatır.
-heç ata da oxşamır,
Bunun beli haçadır.
-Təranə, bu, şəkildir,
Yoxsa ki tapmacadır?
Müəlliməsi baxıb
Boz dəvənin şəklinə,
Deyir:-Bu, yaxşı deyil,
Təzəsini çək yenə.
Quyruğunu gödək çək,
Boynunu uzun, əyri;
Boz dəvəyə oxşasın
Başı, gözü, hər yeri.
Sonra da müəllimi
Sakit-sakit, mehriban
Danışır uşaqlara
Heyvanlardan,
Quşlardan.
Bu gün bizim Təranə.
Çox kefsiz gəlib evə.
Yadından çıxmır onun
Uzunquyruqlu dəvə.
Anası deyir:-Qızım,
əllərini yu təmiz.
Gəl, məstan pişiyin də
Yemək istəmir sənsiz.
Təranə deyir:-Toxum,
Yemək istəmirəm mən.
Fikri heç ayrılmayır
Çəkdiyi o şəkildən.
Anası deyir:-Nə var,
Çatılıb yenə qaşlar?
Nə olun sənə, qızım?
Bir dillənsənə, qızım?
Bəlkə də itirmisən?
Lentini, nişanını?
Hanı rəngli qələmin?
Şəkil dəftərin hanı?
Nə lenti itmiş onun,

Nə də qələm-dəftəri.
Bəs niyə doluxsunub
Təranənin gözləri?
Anası deyir:-Niyə
Bəs kefin yoxdur sənin?
Dodaqları titrəyir
Balaca Təranənin,
DeyirI-Dəvə şəklimə
Bu gün güldü uşaqlarI;
Dedilər ki, dəvə heç
Uzunquyruqlu olar?
Müəllimə də...mü...əə..
Dedi... dedi ki, də...və...
Təranə hönkür-hönkür
Ağlamağa başladı.
Yanağına süzüldü
İsticə göz yaşları.
Anası qucaqlayıb
Onu, dedi:-A qızım,
Gedək, yu əl-üzünü,
Gedək, ağlama, qızım.
Müəllimən neyləsin
Bütün təqsir sənindir.
Sındırıb korlamısan
Oyuncaqları bir-bir.
Hərəsi bir tərəfdə,
Hələ gör nə gündədir,
Bucaqda, miz altında
Yatağın üstündədir.
Çal xoruzun başında
Dovşanın qulaqları,
Qırılmışdır yarıdan
Ördəyin ayaqları.
Dibçəyə gül yerinə
Cücələri əkmisən.
Yatıb-duran kuklaya
Bir yekə bığ çəkmisən.
Yadındadır, bir axşam
Nə qədər ağladın sən?
Tülkünün quyruğunu

Dəvəyə bağladın sən.
Sənə kim demişdi ki,
Uzunquyruq dəvə çək,
Kim görsə belə şəkli
Əlbəttə ki, güləcək.
Təranə susdu durdu,
Pörtdü, yaman pərt oldu,
Bu dəvənin quyruğu
Ona böyük dərd oldu.
Bir az keçdi, açıldı
Qızın qaşı-qabağı,
Yenə də dərd dolandı
Aynabəndli otağı.
Buludlarda əridi
Şəfəqlərin gümüşü.
Günəş saraldı batdı,
Artıq qaranlıq düşdü.
Təranə gah oxuyur,
Gah da piano çalır.
Gah da rəngli saplarla
Dəsmala naxış salır.
Saat doqquza yaxın
Əsnəyir yavaş-yavaş
Yatağına aparır
Anası onu birbaş.
Deyir:-Təranə, qızım,
Ceyran gözləri göyçək
Göy üçündə ulduzlar
Açıldı çiçək-çiçək.
Quşlar öz yuvasında
Yuxuya gedib dərin;
Sənin də yavaş-yavaş
Xumarlanır gözlərin.
Mənim Təranə qızım,
Gözləri qonur qızım,
Görürəm şirin yuxu
Gözünə qonur, qızım.
Bir əlində qələmi,
Bir əli sinəsində;
Yuxunun şirinliyi

Baxışında, səsində
“Mən yatmıram, yatmıram,
Yuxum gəlmir”, -deyərək.
Kirpiklərini yumdu,
Təranə yatdı bərk-bərk.
Ana baxdı qızına
Məhəbbətlə, mehriban.
Sonra əyilib öpdü
Onun yanaqlarından.
Dedi:-Qurd dilli qızım,
Sakit, rahat yat belə,
Sonra səssiz,yavaşca
Çıxdı otaqdan çölə
Təranənin yuxusu
Sakit deyildi ancaq.
Sıxırdı, incidirdi
Elə bil onu yataq
Gah dönürdü bu yana,
Gah dönürdü o yana.
Hərdən ağlamsınırdı,
Az qalırdı oyana.
Təranə yuxusunda
Nələr görürdü, nələr,
Yığışmışdı başına
Onun sarı cücələr.
Məstan pişik, çal xoruz,
Dovşan, tülkü, at dəvə
Hərəsi söz deməyə
Axtarırdı girəvə.
Biri deyirdi: -Bizi
Şil-küt edib atmısan,
Özün isti, tərtəmiz
Yatağında yatmısan.
Biri deyirdi:-Tez ol,
Quyruğumu vermənim!
O biri qışqırırdı:
-Çılpaq qalıb bədənim!
Bir söz deyirdi ona
Oyuncağın hərəsi,
Birdən taxtın altından

Gəldi kuklanın səsi,
Dedi:-Niyə sən mənə
Bu bığları çəkmisən,
Mənim adım Nazlıdır,
Nazlı, axı qızam mən.
Qulac-qulac uzanıb
Sünbül kimi saçlarım.
Əynimdə sarı güllü
Çitdən qəşəng paltarım.
Bığlarımı görəndə
Gülür mənə uşaqlar.
Deyirlər:-Qiza bax ey...
Kişi kimi bığı var,
Niyə belə iş gördün
Utanıram axı mən,
Əllərim də çatmır ki,
Bığı siləm üzümdən.
Sonra səsləndi tülkü,
Dedi:-Təranə, bil ki,
Mən də səndən küsmüşəm.
Yoldaşlığı kəsmişəm.
Yadındadırmı, mənim
Quyruğumu qopartdın,
Sonra götürüb məni
Evin küncünə atdın.
“Ay can, ay can, tapmışam!
Belə yaxşıdır!”-deyə,
Quyruğumu aparıb
Bağladın boz dəvəyə
Bir demədin ki, tülkü,
Quyruqsuz neyləsin bəs,
Şələquyruq olmasa
Tülkü baba keçinməz;
O, mənim həm süpürgəm,
Həm də yastığım idi;
Başımı quru yerə
Qoyub yatıram indi.
Onunla süpürürdüm
Yerimdən tozu, qumu.
Soyuqlarda bükürdüm

Ona uzun burnumu.
Otağın bir küncündə
İndi düşüb qalmışam,
Tərpənə də bilmirəm,
Elə bil qocalmışam...
-Mən də deyim sözümü,
-Mənim ayağımı da
Ortadan sındırmısan.
Özün yaxşı görürsən,
Ayaqsız neyləyim mən.
Yoldaşlarım qaçırlar
Çöldə belədən belə;
Mən heç gedə bilmirəm
Qonşumuz Məstangilə.
Qırılmış ayağımı
Qucağıma almışam.
Çöllər güllü bahardır,
Mən otaqda qalmışam.
Cik-Cik,-deyə səsləndi
Dibçəkdəki cücələr,
-Üşüyürük, qorxuruq
Biz də burda gecələr.
Ayağımız bağlıdır,
Heç tərpənə bilmirik.
Biz də küsmüşük səndən,
Təranə bacı! Cik-Cik,!
Dəvə dedi:-Mənim də
Səndən şikayətim var.
Bu tülkü quyruğunu
Tez ol, tez məndən qopar!
Çox acıqlı səs vardı
Gələn səslər içində,
Yuxusundan ayıldı
Təranə tər içində.
Anasını çaöırdı
Qonur gözlərində yaş,
Nə siə dedi ona
Gizlicə, yavaş-yavaş.
Anası gülümsəyib
Dedi:-Olar, çox yaşa!

Sevinc, fərəhlə doldu
Təranənin baxışşı.
Bağçada bir gün yenə
Toplaşıblar uşaqlar.
Bir yanda kağız, qələm,
Bir yanda oyuncaqlar
Sərdar, Ramiz ev tikir,
Təranə şəkil çəkir.
Dilarə dibçəklərə
Yeni gül-çiçək əkir.
Təranənin çəkdiyi
Şəklə baxır uşaqlar.
Hamı deyir:-Ay sağ ol!
Dəvə bax belə olar!
Boynu uzun, əyridir,
Quyruğu da gödəkdir.
Elə bil ki, canlıdır,
İndi yeriyəcəkldir.
Təranə gülümsəyir,
Deyirlər ki, bu şəkli mən
Evdəki boz dəvəyə
Baxıb çəkmişəm dünən.
Sonra açır dəftərin səhifəsini bir-bir,
Bax, bu, dovşan şəklidir.
Müəlliməsi baxır
Deyir:-Afərin, qızım!
Həm qəşəng, həm doğrudur
Bu şəkillərin qızım!