Xəbərlər

Bakı məktəblisi startap proqramının rəhbəri seçilib

Paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ali məktəblərlə birgə həyata keçirilən startap proqramının rəhbəri seçilib.

 

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar BŞTİ-nin müdiri Mehriban Vəliyeva 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyevlə görüşüb. O, startapçı məktəblilərin layihələri ilə bağlı görülən işlərə diqqət çəkərək qeyd edib ki, BŞTİ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında startap layihələrlə bağlı görüşlər keçirilib. Görüşlərdə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarına dəstək göstərilməsi və bu istiqamətdə ali məktəblərlə birgə həyata keçiriləcək işlərdən danışılıb. M.Vəliyeva, həmçinin startap proqramı ilə əlaqədar digər universitetlərlə də əlaqələrin qurulmasının nəzərdə tutulduğunu qeyd edib. Startap proqramı üzrə elektron qeydiyyat sisteminin yaradılmasının və seçim meyarlarının formalaşdırılmasının da nəzərdə tutulduğunu bildirib.

 

Qeyd edək ki, 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyev pilotsuz uçuş aparatlarının hazırlanması ilə məşhurdur. O, aerokosmik startap layihəsi olan “AzAstro Texnologiyaları”nı təsis edib. İstedad və bacarığı ilə həmyaşıdlarından fərqlənən Həsən Quliyev 62 nömrəli məktəb-liseyin “Kiçik Akademiyası”nın prezidenti, həmçinin “AzAstro” startapının həmtəsisçisi və əməliyyatlar direktorudur.