Yumor

Qoy özləri qazanıb, özləri yesinlər

Bəhlul bir qonaqlıqda qapının ağzı tərəfdə oturubmuş. Bir nəfər deyir:


-Ay Bəhlul, sən ağıllı, dünyagörmüş adamsan. Özün bilirsən ki, adamın xoş günləri olduğu kimi, dar günləri də ola bilər. Birdən ölüb-eləsən, arvad-uşaqların çətinlik çəkərlər. Əlinə düşəndən bir az geriyə qoy. Bir gün gərək olar.


Elə bu vaxt süfrənin üstünə bişmiş ət və aş gətirirlər. Bəhlul ət boşqabını götürüb çıxır eşiyə, aparıb qoyur itlərin qabağına. İtlər boşqabdakı sür-sümük üstə bir-birini az qalır boğub öldürsünlər. Həmin adam bunu görüb Bəhluldan soruşur:


-Ay Bəhlul, bu nə işdir elədin? Əti niyə eşiyə qoydun?


Bəhlul deyir:


-Sən dedin ki, əlinə düşəndən bir az da geriyə qoy. Mən də aparıb qoydum. İndi görürsənmi ki, həmin şey üstə nə vurhavurdur? Əgər mən geriyə var-dövlət qoyub getsəm, uşaqlarım da o itlər kimi bir-birini boğub deyəcəklər ki, çoxu mənimdir, azı sənin. Odur ki, fərasətli oğullar neyləyir ata malını, qoy özləri qazanıb, özləri yesinlər.