Mədəni irsimiz

Zaviyə mədrəsə binası

Zaviyə-mədrəsə binası Naxçıvan şəhəri Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir.

 

Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian rahiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarını da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufi qardaşlıqları ardıcıllarının məskənlərinin adlarından biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı.

 

Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. XVII-XVIII əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m2-dir, divarların qalınlığı 0,9 - 1,5 m arasında dəyişir. Əsas qalınlıq 90 sm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilmişdir. Kərpiclər iki ölçüdədir. 20 x 20 x 5 sm olan sarı rəngli kərpiclərdən binanın əsas tikintisində istifadə olunmuşdur.


XIX əsrin 2-ci yarısında məscidin əsaslı təmiri zamanı 26 x 13 x 5 sm-lik qırmızı rəngli kərpic-lərdən daha çox istifadə edilmişdir. Zaviyə-mədrəsə binası istər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir. Çox güman ki, XIX əsrin axırlarında aparılan təmir işləri zamanı yeni tikintilər və formalar əlavə olunduğundan binanın memarlıq quruluşu xeyli dəyişdirilmiş, əvvəlki zamanların tikintisində istifadə olunan çatma tağlar və sferik gümbəzlər əvəzinə, XIX əsrin mürəkkəb xətli tağları və düz dam örtüyü ilə əvəz edilmişdir. Ona görə də binanın tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir.

 

Binanın indiki interyer quruluşu böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikimərtəbəli üç yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik gümbəzləri dağıdıldığından, XIX əsrin sonlarında düz xətli örtüklə əvəz edilmişdir. Binaya üç tərəfdən: qərbdən və şimaldan bir, şərq tərəfdəki həyətdən isə üç giriş qapısı var. Əsas giriş qərbdəndir. Qərb tərəfdəki düz xətli portal eyvan şəklində qurulmuşdur. Eyvana mərmər pilləkənlərlə qalxılır. Giriş portaldakı qapıdan bir tərəfi üçbucaqlı formada olan vestibülə daxil olunur. Vestibülün sahəsi 19,8 m2-dir. Vestibüldən sağda hündürlüyü 5,5 m, sahəsi 88 m2olan hücrə tipli ibadət salonu yerləşir. Salona şərq tərəfdən də giriş var. Salonun şərq və qərb divarlarının hər birində 0,9 x 3,2 m ölçüdə üç ədəd şəbəkəli pəncərə qoyulmuşdur. İbadət salonunun mehrabı 1,7 x 5,15 x 5,5 m ölçüdə cənub divarda ayrıca bölmə şəklində yerləşdirilmişdir. Mehrabın çatma tağlı taxçası və digər bəzəkləri çoxsaylı təmir nəticəsində suvaqla doldurularaq düz səthə çevrilmişdir. Vestibüldən solda iki qapı var. Qapılardan biri minarənin dolama pilləkənlərinə, digəri isə yardımçı otaqlara açılır. Qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki otaqlara taxta pilləkənlərlə qalxılır. Buradakı ibadət otağı ilə əsas salon arasında pəncərə var. Binanın əsas fasadı mərkəzdə yerləşdirilmiş eyvanlı portaldan, üç ədəd uzunsov şəbəkəli pəncərədən və çox da hündür olmayan minarədən ibarətdir. Əsas fasadla uzlaşmayan antamblement və tikintinin başını dövrələyən çatma tağ motivli parapet binaya sonradan əlavə edilmişdir. Antamblementdəki dörd düzbucaqlı sütun çıxıntıları və mərkəzdə yerləşdirilmiş dairəvi boşluqlar binanın fasadında tamamilə yad element kimi görünür. XX əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunmuşdur.

 

2007-ci ilədək Naxçıvan MR Qadınlar Məclisi burada yerləşmişdir. 2008-ci ildə əsaslı təmir və bərpa olunmuşdur.