Yumor

Xeyir verənə xeyir, zərər verənə zərər

Günlərin birində padşah şikara çıxıbmış, yolda Bəhlula rast gəlir. Padşahın şəst getdiyini görən Bəhlul bərkdən gülür. Padşahın buna acığı tutur. Əmr edir Bəhlulu öldürsünlər. Cəlladların heç biri onun boynunu vurmaq istəmir.


Padşahın kənizlərindən biri deyir:


-Əgər Bəhlulu camaatın gözü qarşısında öldürtsən, gözdən düşərsən. Mən əvvəlcə Bəhlula zəhər verib onu öldürərərm, bu işdən heç kəsin xəbəri olmaz.


Bu tədbir padşahın xoşuna gəlir, kənizə afərin söyləyib yalandan Bəhlula deyir:


-Bu dəfə günahından keçirəm, səni öldürtmürəm, amma bir də gərək belə bir iş eləməyəsən.


Həmin gün xain kəniz zəhərlə yoğrulmuş bir yağlı çörək bişirib Bəhlula deyir:


-Bəhlul, nəzir demişdim, qəbul olunub, al bu yağlı çörəyi, yeyərsən.


Bəhlul çörəyi alıb deyir:


-Bacı, çox sağ ol, Allah xeyir verənə xeyir, zərər verənə zərər versin. Çörək qoltuğunda Bəhlul o qədər gedir ki, şəhərin kənarına çatır. Görür bir oğlan atını qoruğa buraxıb, özü də uzanıb tut ağacının dibində. Bəhlul da özünü
ağacın kölgəsinə verib bir az dinicini alır. Oğlan yağlı çörəyi görüb deyir:


-Bəhlul Divanə, yaman acmışam, o çörəkdən bir az versən yeyərəm.


Bəhlul bütün çörəyi ona verib deyir:


-Al, halal qismətin olsun, ye. Mən görürəm ki, bu çörək sənə qismət imiş.


Oğlan çörəyi yeyən kimi qarnını tutub ölür. Axşamüstü Bəhlul evinə qayıdanda padşahın həmin kənizi onu görüb deyir:


-Bəhlul Divanə, çörəyi neylədin, yedinmi?

 

Bəhlul deyir:


- Yemədim, özgəsinə verdim, yedi. O saat da öldü. Kənizi şübhə götürür ki, görəsən çörəyi yeyib ölən kimdir. O həmin adamın yerini Bəhluldan xəbər alıb ora gedir. Baxıb görür ki, ölən öz qardaşıdır.