Şeirlər

Əmin Abid Gültəkin. Can Azərbaycan

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Əvət könüllər coşdu bir sevincin gücüylə
İstiqlal sevinciylə, istiqlal sevinciylə...
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o vətənın köksündən yüksələn ay.
İstiqlal, o sümükdən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pək mübarək, pək müqəddəs bir “İlah”dır,
Hansı bir erkək onu düşmənlərə qapdırır?
Anaların saçından hördüyü bir bayrağı
Hansı erkək çıxıb edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!