Görkəmli şəxsiyyətlər

Muxtar Avşarov

Xalq artisti Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.

 

M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb.

 

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb.

 

Görkəmli aktyor “Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

M.Avşarov 1960-cı ildə Əməkdar, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.

 

Muxtar Avşarovun sənət aləmində izləri bu gün də onu sevən minlərlə insanın qəlbindən silinməyib. Şablonçuluqdan uzaq, sənətə özünəməxsus dəst-xətini, istedadlı tapıntılarını, və əvəzolunmaz peşəkarlıq keyfiyyətlərini özündə təcəssüm etdirən M. Avşarov bu gün də unudulmayıb, ürəklərdə yaşayır.