Nağıllar, hekayələr

Mübariz Qasımov. Fikrətin dostu

Fikrət həyətdə uşaqlarla top-top oynayırdı. Nənəsi onu pəncərədən çağırdı:

 

- Fikrət, evə gəl, dostunu da gətir!

 

Bunu eşitcək uşaqlar təəccüblə Fikrətdən soruşdular:

 

- Nənən hansı dostunu deyir?

 

Fikrət cavab verdi:

 

- Necə hansı dostumu? Alabaşı deyir də...

 

Uşaqlar gülüşdülər:

 

- Bəh-bəh. Buna bax, bir bunun dostuna bax. Heç belə də dost olar?

 

Fikrət pərt oldu. Birbaşa nənəsinin yanına gəldi. Alabaş da onun dalınca düşüb yuxarı qalxdı. Fikrət nənəsinə dedi:

 

- Nənə, niyə belə dedin? İtdən də adama dost olar? İndi uşaqlar gülüb məni lağa qoyacaqlar.

 

- Alabaş sənin həqiqi dostundur. Qulaq as, deyim. Əgər onlar bunu bilsələr, sənə gülməzlər.

 

- Nəyi bilsələr? - deyə Fikrət gözlərinin yaşını silə-silə soruşdu.

 

Nənə danışmağa başladı:

 

- Oğlum, o vaxt biz kənddə yaşayırdıq. Sən lap körpə idin. Heç ayaq tutub gəzə bilmirdin, hey qalxıb-yıxılırdın. Səni qucağımda atıb-tuturdum. Birdən bostanın o başından baban məni harayladı. Dedi ki, yabanı götür, gəl. Mən səni beşiyə uzatdım, yabanı aparıb babana verdim. Mən bostandan qayıdıb gələndə nə görsəm yaxşıdır?

 

Alabaşın ağzı, pəncələri qana bulaşıb. Birdən gördüm ki, sənin beşiyinin yanına bir ilan düşüb. Başı qan içindədir. Sən demə, ilanın beşiyə sarı süründüyünü görən Alabaş onun üstünə atılmış, pəncəsi ilə əfini ora-bura vurub öldürmüşdü.

 

Mən qorxumdan qışqırdım. Səni qucağıma alıb o üzündən, bu üzündən öpdüm. Sən gülürdün. Heç nədən xəbərin yox idi. Daha bilmirdin ki, Alabaş olmasaydı, ilan səni vuracaqdı.

 

Mənim qışqırığıma baban gəlib çıxdı, əhvalatı ona danışdım. O, Alabaşı tumarladı.

 

Fikrət sevindi:

 

- Alabaş, doğrudan da, mənim həqiqi dostummuş, - dedi. - İndi mən bu əhvalatı uşaqlara danışacağam.

 

Fikrət sevinə-sevinə həyətə düşdü.