Əyyub Türkay. Məstanın dostluğu
Dostluq təklifi etdi,
Siçana Məstan pişik.
Dedi: -qorxub qaçmağa,
Lazım deyil bir deşik.
Sahibim imkanlıdır,
Məni çox yedizdirir.
Sən isə çox kasıbsan,
Aclıq səni bezdirir.
Əgər mənlə dost olsan,
Yeməyin də bol olar.
Dolansan ac-yalavac,
Getdikcə rəngin solar.
Siçan dedi: - a Məstan,
Sıxılsam da dalana
İnandıra bilməzsən,
Məni şirin yalana.
Bizdən dost ola bilməz
Deyirəm son sözümü.
Sənin mədəndə görmək,
İstəmirəm özümü.