Görkəmli şəxsiyyətlər

Şamil Fərzəliyev

Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub.

 

Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq “Azərbaycan gəncləri” qəzeti redaksiyasının ədəbi işçisi, sonra isə ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub. O, 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin olunub. 1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən istedadlı qələm sahibi ömrünün sonunadək bu vəzifədə çalışıb. Ş.Fərzəliyev 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra 52 yaşında Tbilisidə vəfat edib.

 

Təcrübəli jurnalist, tanınmış publisist ötən əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış edib, hekayələri, povest və pyesləri işıq üzü görüb. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Müxtəlif illərdə yazdığı dram əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında və İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

 

Yazıçının “Səndən sonra” kitabı ölümündən sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Yaradıcılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən Xalq yazıçısı Əli Vəliyev, Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə, Əmir Mustafayev və onlarla digər tanınmış qələm sahibi dəyərli fikirlər söyləyiblər.

 

Ş.Fərzəliyev “Qızıl qələm” mükafatı laureatı olub və bir sıra Fəxri fərman və medallara layiq görülüb. Ucarda adını daşıyan küçə var.