XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid unikal pulqabı
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid pulqabı diqqəti cəlb edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, həmin pulqabı dəri və məxmər materialdan hazırlanıb. Özündə tikmə və toxuma sənəti növlərini, dini dünyagörüşünün incəliklərini birləşdirən pulqabı üzərində ən qədim bəzək üsulu olan qondarmadan və öz dəbdəbəli görünüşü ilə seçilən güləbətindən istifadə edilib. Üzərində qədim türk mifologiyasının ünsürlərindən olan tısbağa və Humay ana təsvirləri eksponata xüsusi gözəllik verib.
Keçmiş məişətdə yüksək tərtibatla hazırlanmış pul kisəsi, saatqabı, daraq və daraqqabı, gül torbaları, müxtəlif növ çantalar geniş şəkildə istifadə olunub. Məişətdə istifadə edilən bu kimi aksesuarlar arasında pulqabılar da mühüm yer tuturdu. Belə ki, Azərbaycan ərazisinin ticarət əlaqələrinin intensiv olduğu coğrafi mövqedə yerləşməsi pul dövriyyəsinin aktiv olmasına şərait yaradıb. Pul dövriyyəsində uzun müddət metal pulların istifadəsi nəticəsində pulqabılar daha çox torbaşəkilli hazırlanırdı. Lakin kağız pulların dövriyyəyə girməsi pulqabıların da yeni formalarının yaranmasına səbəb olub.
Eksponat XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın xarici ölkələrlə ticari-iqtisadi əlaqələrinin inkişafını izləməklə yanaşı, həm də xalqımızın bu nümunələrə olan maraq və tələbatını öyrənməkdə əhəmiyyətli mənbədir
20.02.2023