Yumor

Görəcəyin işin nəticəsini əvvəlcədən düşün

Bəhlul özünü dəliliyə vurub bir qamış ata minmiş, küçələrdə o tərəf bu tərəfə qaçıb özünü divanə kimi göstərirdi. Günlərin bir günü xəlifə vəzirini yanına çağırıb dedi:


-Ey vəzir, nə üçün mənim doğma qardaşım Bəhlul divanə olsun, bərri-biyabanlarda gəzsin, məni camaatın içində biabır etsin? Gərək bir çarə tapıb onu saraya gətirəsən. Bunun üçün sənə on gün vaxt verirəm. Onu tap, gətir!


Vəzir xəzinədən bir qədər qızıl götürüb Bəhlul olan yerə gedir. Görür ki, Bəhlul quru yerdə bardaş qurub oturub. Qamış atını yanında qoyub, qabağına bir qədər saman töküb. Bundan başqa yanında üç yerdə torpaq komalayıb. Vəzir Bəhlula yanaşıb deyir:


-Ey Bəhlul, niyə quru yerdə oturmusan? Bəhlul vəzirin üzünə diqqətlə baxıb deyir:


-Mən bu günün çörək pulunu qazanmaq üçün qiymətli şeylər satıram.


Vəzir deyir:


-Hanı qiymətli şeylərin? Bəhlul üç topa torpağı göstərib deyir:


-Qiymətli şeylərim bunlardır. Vəzir deyir:


-Düz-dünya torpaqla doludur, onda nə hikmət var ki, alalar? Bəhlul deyir:


-Torpağın özündə heç nə yoxdur. Amma onların hikmətli sözləri var.


Vəzir deyir:

-Bu üç topa torpağı neçəyə verirsən?


Bəhlul deyir:


-Üç tümənə.


Vəzir deyir:


-Torpağın birini ver.

Bəhlul əlini ikinci komanın üstünə qoyub deyir:

-Dövlət sirrini öz arvadına da vermə.


Bu sözdən sonra həmin torpaq komasını dağıdır.


Vəzir deyir:


-İkinci komanı da alıram.


Bəhlul əlini ikinci komanın üstünə qoyub deyir:


-Namərd adamla dost olma, ona inanma.


Bəhlul bu komanı da dağıdır.


Vəzir deyir:


-Üçüncü komanı da alıram.


Bəhlul əlini üçüncü komanın üstünə qoyub deyir:


-Öz taxtı-tacına inanma, axırı yoxdur.


Bu sözdən sonra Bəhlul üçüncü komanı da dağıdır.


Vəzir cibindən bir ovuc qızıl çıxardıb Bəhlula verir. Bəhlul bu qızıldan ancaq üç tümən götürür, qalanını vəzirə qaytarır. Vəzir deyir:


-Bəhlul, mən sənin qardaşının vəziriyəm. Qardaşının tapşırığına görə gəlmişəm səni aparım. Gəl divanəlikdən əl çək, min ata, gedək.


Bəhlul qamış atını minib deyir:


-Mənə padşahın sarayı lazım deyil. Necə gəlmisən, elə də qayıt get.


Vəzir geri qayıdıb gördüklərini xəlifəyə söyləyir.


Sonralar vəzir Bəhlulun dediyi sözləri sınamaq üçün arvadınıın yanında deyir:


-Xəlifənin sürüsündə bir qara qoç saxlanılır. Xəlifə əhd eləyib ki, bu qoçu qızının toyunda kəsdirsin. Həmin qara qoçu quzu vaxtından cadulanıbdır. Hər kəs onun ətindən yesə, əlli il artıq yaşayacaq. Gərək xəlifədən çox yaşayam. Odur ki, adam göndərdim, qara qoçu oğurlatdırım.


Vəzir bu sözləri deyəndən sonra bayıra çıxıb bir böyük qara qoç gətirib başını kəsdirir. Ətindən kabab çəkdirib başlayır yeməyə. Arvadı da kabab yemək istədikdə vəzir vermir. Vəzirin arvadı bərk hirslənir, evdən çıxıb

xəlifənin yanında gedir, əhvalatı ona söyləyir. Xəlifə çox qəzəblənib vəziri hüzuruna çağırır, icazəsiz onun sürüsündəki qara qoçu kəsdiyi üçün əmr verir ki, onu boğazından assınlar.


Vəzir çoxdan padşahın yanında işləyirdi. Yaxşı adam olduğu üçün hamı onun xatirini istəyirdi. Odur ki heç kəs vəzirin boğazını kəndirə keçirmir. Bu vaxt vəzirin dost hesab etdiyi namərd adama irəli çıxıb deyir:


-Mən vəzirin boynunu kəndirə keçirərəm!


Xəlifə qılıncını ona verib deyir:


-Al qılıncla öldür, ürəyim soyusun. Namərd adam qılıncı padşahdan alıb, vəzirin boynunu vurmaq istəyəndə, vəzir deyir:


-Xəlifə sağ olsun, sənin tapşırığını yerinə yetirmək üçün Bəhlul olduğu şəhərə getdim, onu tapdım. O mənə üç ağıllı söz söylədi, onun sözlərini imtahandan keçirmək üçün bu işləri görmüşəm. O mənə demişdi ki, pis arvada, namərd yoldaşa və özündən böyük xəlifəyə bel bağlama. Bu sözlərin hər üçünü imtahandan keçirdim. Qiymətli sözlərdir...

 

Ey xəlifə, mən bütün ömrümü sənin yanında işləmişəm. Həmişə sənə sədaqətli olmuşam. Sənin qara qoçun sürünün içindədir. Mən arvadımı sınamaq üçün bir qara qoyun alıb kəsdim, arvadıma dedim ki, bu, xəlifənin qoçudur, oğurlamışam. Mənimlə duz-çörək kəsmiş namərd dostumu da sınaqdan çıxartdım. Heç kim başımı kəsməyə razı olmadı, amma bu dostum razı oldu... Qardaşın Bəhlul dedi ki, mən saraya getmirəm. Oradan zəhləm gedir... Mən də sözümü qurtardım, indi buyur, boynumu vurdur.


Xəlifə tutduğu işdən xəcalət çəkib vəziri azad edir və bu qərara gəlir ki, gedib qardaşını özü gətirsin... Bəli, durub qardaşı olan şəhərə yollanır. Qardaşını çox axtarır, axırda onu bir dar küçədə tapır. Bəhlul quru torpaq üstündə oturmuşdu. Xəlifə ona yaxınlaşıb deyir:


-Nə satırsan?


Bəhlul deyir:


-Bu gün mənim satılası bircə sözüm var.


Xəlifə deyir:


-De gəlsin, mən sənin sözünün müştərisiyəm. Bəhlul əlini topladığı torpaq komasının üstünə qoyub deyir:

 

-Nə iş görsən, onun nəticəsini əvvəlcədən yaxşı fikirləş. Sözünü qurtaran kimi torpaq komasını dağıdır, ayağa qalxıb qarğı atını götürür. Minmək istəyəndə xəlifə ona bir ovuc qızıl verir. Bəhlul qızıllardan birini götürür.


Xəlifə deyir:


-Mənim əziz qardaşım, gəl sən belə divanəlikdən əl çək. Gedək sarayda yaşa. Ömrünün sonunacan ye, iç, kef elə. Bəsdir bu qədər dəliliyin! Hamı sənə divanə deyir!


Bəhlul deyir:


-Bu baş tutmayacaq. Sənin camaatdan zülmlə yığdığın dövlət mənə lazım deyil!


Xəlifə Harun-Ər-Rəşid görür xoşluqla Bəhlulu apara bilməyəcək. Adamlarına əmr eləyir, Bəhlulu tutsunlar. Bəhlul əlinə bir ağac alıb gəlib-gedəni vurmağa başlayır. Xəlifə baxır ki, işin nəticəsi pis olacaq, adamlarını geri çağırır. Bəhlul tez öz qarğı atını minib gözdən itir. Xəlifə pərişan halda öz sarayına qayıdır.