Bu maraqlıdır!

Pazırık kurqanları

Qədim türklərin Monqolustanda, Türküstanda, Qara dəniz sahillərində, Uralda, Altayda, Azərbaycanda və s. yerlərdə çoxlu maddi-mədəniyyət abidəsi vardır. Altay Respublikasının (keçmiş Dağlıq Altay MV) indiki Ulaqan rayonu ərazisində Pazırık çölündən tapılmış və elmi aləmində Pazırık kurqanları adı ilə tanınmış kurqanları da bu qəbildəndir.

 

Kurqan mədəniyyəti (kurqan tipli dəfn mərasimi) qədim türklərə məxsusdur. Bu kurqanların ən qədim nümunələri Uralda tapılmış və onların yaşı dörd-beş min ildən də çoxdur. Pazırık kurqanlarının yaşı isə eramızdan əvvəl beşinci-dördüncü yüzilliyə gedib çıxır. Qazıntılar zamanı bu qəbirlərdə türk tayfa başçılarının, böyük bəylərin dəfn olunduğu aşkarlanmışdır. 1929, 1947, 1949-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində bu kurqanlardan ağac, dəri, xəz, dəmir məmulatları, geyim, köçəriatlı sakinlərin məişət əşyaları tapılmışdır. Kurqanların dərinliyi 4 metr, sahəsi 50 kvadrat metrdir.


Qədim türklər ölən igidin atını da özü ilə bərabər dəfn edirdilər. Bunu qəbirlərdəki at sümükləri də təsdiqləyir.


Pazırık kurqanlarından tapılmış ən dəyərli abidə donuşluqda qalmış xovlu xalçadır. “Hun xalçası” adlandırılan bu abidə dünyanın ən qədim xalça nümunələrindən olub, 24 türk tayfasının rəmzini əks etdirir. Xalça qədim türk mədəniyyətini və dünyagörüşünü əks etdirən maddi-mədəniyyət abidəsi kimi son dərəcə qiymətlidir.


Pazırık kurqanlarından yundan toxunmuş parçalar, yun məmulatlarının tapılması qədim türlərin gön-dəri, yun, dəmir məmulatları hazırlamaqda mahir olduqlarını göstərir. Qəbirlərdən Çində istehsal olunmuş basma naxışlı ipək parçalar, çini qabların tapılması qədim türklərin iqtisadi-mədəni əlaqələrindən xəbər verir.