Xəbərlər

“LANDAU” məktəbliləri AZƏRTAC-da

“LANDAU” məktəbinin şagirdləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) qonağı olublar.

 

Məktəblilər əvvəlcə Agentliyin yeni binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.

 

AZƏRTAC-ın əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu zonada fəaliyyətinin əks olunduğu fotostendlər, şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə guşəsi şagirdlərdə böyük maraq doğurub.

 

Sonra məktəblilər nyusruma gedib, informasiyanın alınması, buraxılışa hazırlanması və redaktəsi prosesi ilə yerində tanış olublar.

 

Qonaqlar cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materialların təqdim edildiyi Uşaq Bilik Portalı haqqında da məlumatlandırılıb.

 

Sonda uşaqların sualları cavablandırılıb, diplomlar təqdim olunub.