Bu maraqlıdır!

“Qızıl oğlan” öz sirlərini açır

Qədim Misirdə dəfn mərasimlərinin keçirilməsi barədə informasiyalar və həqiqi sərvətlər bu yaxınlaradək Qahirədəki Misir Muzeyinin zirzəmilərində gizli şəkildə qalıb. Bunların sırasında ölkənin cənubunda yerləşən Naq əl-Hassay məzarlığında 1916-cı ildə tapılan yeniyetmə oğlanın mumiyası indiyədək tədqiq olunmayıb. Lakin mumiyanın kompüter tomoqrafiyası vasitəsilə bu yaxınlarda aparılan təkrar analizi zamanı məlum olub ki, onu qızıldan olan 49 amulet və digər qiymətli bəzək əşyaları, habelə qızıl maska ilə dəfn ediblər. “Grunge” nəşri qeyd edib ki, indi onu “Qızıl oğlan” adlandırırlar.

 

Naq əl-Hassay məzarlığı təxminən eramızdan əvvəl 332-30-cu illərə aiddir. Tədqiqatçılar ehtimal edirlər ki, “Qızıl oğlan” 2300 il bundan əvvəl 14 və ya 15 yaşında vəfat edib. Ölüm vaxtı onun sümüklərinin vəziyyəti və “ağıl” dişinin çıxmaması da bunu təsdiq edir.

 

Qahirə Universitetinin radiologiya üzrə professoru Sahar Salim “Qızıl oğlan” haqqında tədqiqat əsəri yazıb. O, meyitin balzamlaşdırılması prosesini də təsvir edib. Alim qeyd edib: “Balzamlayan şəxslər mumiyalama vaxtı dua edib və amuletləri mumiyanın içərisində yerləşdirərək “Ölülər kitabı”ndan hekayələr oxuyublar”. O, həmçinin öz komandasının mumiyanın tədqiqi zamanı aşkar etdiyi bəzi məqamları da açıqlayıb. “Qızıl oğlan”ı qıjıya bürüyüblər və bunun əsas səbəbi qədim misirlilərin bəzi bitkilərin və çiçəklərin sehrli gücünə inanmaları olub.

 

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda “Qızıl oğlan” Qahirədəki Misir Muzeyinin əsas ekspozisiya zalında nümayiş etdirilir. Sərgidə, həmçinin onun kompüter şəkilləri də təqdim edilir.