4 Mart-Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür
İlk dəfə Piylənmə ilə mübarizə Günü 2010-cu ilin may ayında Avropada Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilib, daha sonralar bu gün qloballaşaraq mart ayının 4-də Dünyada Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunub. Bu günün qeyd olunmasında məqsəd artıq çəki və piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bilik və bacarıqları inkişaf etdirməkdir.
AZƏRTAC Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ölkədə İSİM tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilir, çap materialları hazırlanaraq nəşr edilir və əhaliyə paylanılır, videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılır.
Əgər 20-30 il əvvəl piylənmə problemi sadəcə sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-diyetoloqları narahat edirdisə, artıq bu gün piylənmə və artıq çəkiyə malik olanların sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt bu problemlə əlaqələndirirlər. Doğrudan da piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir.
Hələ 1997-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırır, eyni zamanda, artıq kilolardan xilas olmağın profilaktikası və müalicə üsulları barədə də izahat verirlər.
Son zamanlar bütün dünyada uşaqlar və yeniyetmələr arasında piylənmə hallarının kəskin artması müşahidə olunur.
Piylənmə insan üçün bır sıra problemlər yaradır. Oynaqlarda və sümüklərdə yüklənmə çoxaldığına və ya həddindən artıq olduğuna görə artıq çəki dayaq-hərəkət aparatının xəstəliklərinə aparıb çıxarır. Çəkinin artıq olması fiziki fəallığın intensivliyini aşağı salır. Orqanizmdə piy yığılması ürək-damar, onkoloji xəstəliklərə və diabetə tutulmaq ehtimalını artırır.
Fiziki problemlərdən başqa, piylənmə, eyni zamanda psixoloji problemlərə də səbəb olur. Heç kəsə sirr deyil ki, piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stress vəziyyətində qeyri-düzgün qidalanmaqdır. Kökəlmənin çoxsaylı səbəbləri göstərir ki, onu özündə stress vəziyyətlərinin aradan qaldırılmasını, stressə davamlılığın inkişafına yönəlmiş məşqləri, fərdi pəhrizin müəyyənləşdirilməsini, həmçinin mütləq olaraq sağlam fiziki yükü də nəzərdə tutan yaşam qaydalarını ehtiva edən kompleks metodlarla müalicə etmək mümkündür. Bəzi hallarda, şübhəsiz, dərman müalicəsinə də ehtiyac yaranır ki, bunlar da əsasən, endokrin sistemin işinin pozulması və hormonal qüsurlarla bağlı olur.
Qeyd edək ki, Ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu isə əhalinin 20 faizini təşkil edir və kifayət qədər ciddi rəqəmdir. Uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərini öyrənmək üçün Təhsil Nazirliyi ilə İSİM birgə tədqiqat həyata keçirir.
04.03.2024