Görkəmli şəxsiyyətlər

Rüstəm Rəhimov

Əməkdar bədən tərbiyəsi və idman xadimi, ümumittifaq dərəcəli hakim, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini  Rüstəm Rəhimov 1948-ci il martın 6-da Bakı şəhərində anadan olub. Onun idmana gəlməyinə əsas səbəbkar o dövrdə Azərbaycanın ən məşhur futbolçusu Ələkbər Məmmədov olub. 1960-cı ildə “Neftçi” klubunda məşqə başlayan R.Rəhimov sonra bir il Mahaçqalanın “Dinamo” (indiki “Anji”) komandasının və azərbaycanlı məşqçi Əhməd Ələsgərovun dəvəti ilə iki il Tacikistanın “Pamir-Düşənbə” klubunun formasını geyinib. Doğma Vətəndən uzaq qala bilmədiyi üçün Bakıya qayıdan R.Rəhimov Gəncənin “Dinamo” komandasının şərəfini qoruyub və burada da futbolçu karyerasını bitirib. Hakimlik fəaliyyətinə məşhur hakim Eldar Əzimzadənin təkidi ilə başlayan R.Rəhimov 1977-1978-ci illərdə ikinci dəstənin oyunlarını idarə edib.

 


Rüstəm Rəhimov... Bu ad və soyad dünya şöhrətli hakimlərimiz – Tofiq Bəhramov, Eldar Əzimzadə ilə yanaşı çəkilir. Doğrudur, sovet dönəmində bir çox beynəlxalq səviyyəli oyunları idarə etmiş R.Rəhimov beynəlxalq dərəcə ala bilməyib. Lakin, o, bu statusun normalarını yerinə yetirib. Elə bu səbəbdən o, beynəlxalq dərəcəli hakim kimi də təqdim olunur.

 


O, Azərbaycanın ən yaxşı futbol hakimindən biridir və üç dəfə - 1987-ci, 1990-cı və 1991-ci illərdə adı SSRİ-nin “10 ən yaxşı” hakimi siyahısına daxil edilib.

 


Belarus Futbol Federasiyasının sabiq baş katibi, FIFA referisi Vadim Juk R.Rəhimovun insani keyfiyyətlərini yüksək qiymətləndirərək deyib: “Onu 80-ci illərdən tanıyıram. O, tarixə hörmətlə yanaşan bir şəxsiyyətdir və dəqiq insan olmaqla yanaşı, sözünə, vədinə bütov insandır. Həmkarlarımız ondan söz düşəndə onu əsl kişi kimi xarakterizə edirlər”.

 


SSRİ birinciliyi və kubok oyunlarında 120-dən çox oyuna təyinat alan R.Rəhimov gümüş və qızıl medallara layiq görülüb. Belə ki, həmin vaxt SSRİ-də hakimə 80 oyuna görə gümüş, 100 oyuna görə isə qızıl medal təqdim olunurdu. 1994-cü ildə "Birlik kuboku”nun final oyununu idarə edən R.Rəhimovun bu, karyerasında sonuncu matç idi. O, daha sonra yalnız veteranların oyununu idarə edib. O, sonuncu dəfə 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanın və Avropanın veteranlardan ibarət komandalarının görüşündə ədaləti qoruyub.

 


Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa edən ölkəmizdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradılıb. Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri, R.Rəhimov onun tələbəsi kimi komitə sədrinin müavini seçilib.

 


Mərhum futbolçu, “Şöhrət” ordenli Ələkbər Məmmədov R.Rəhimov barədə danışarkən deyib: “Rüstəm Rəhimov bir futbolçu kimi tanınmaq üçün çox çalışdı. Amma onun özündən asılı olmayan səbəblərdən o, bu arzusuna çata bilmədi. O, mənim arzuladığım futbolçu kimi yetməşdi. Lakin o, hakim kimi sözünü deməyi bacardı. Adını tanınmış hakimlərimizin sırasına yazdıra bildi. Bu bəlkə də onun alın yazısı idi”.

 

R.Rəhimov bu gün 75 illik yubileyini qeyd edir.