Görkəmli şəxsiyyətlər

Xuraman Hacıyeva

Xalq artisti, çəkildiyi filmlər və televiziya tamaşalarıyla, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisa Xuraman Hacıyeva 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.

 

Öz dövrünün sevilən aktrisalarından olan Xuraman Hacıyeva 1945-ci il martın 7-də Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və oradakı dram teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) aktrisanın yaradıcılığında xüsusi yer tutur.

 

Xuraman Hacıyeva 2005-ci il fevral 15-də Bakıda vəfat edib və Ucar rayonunda dəfn olunub.