Yumor

Ada layiq, işə münasib pay

Günlərin birində xəlifə zarafat məqsədilə Bəhlula kələk gəlmək istəyir. Odur ki, deyir:
-Qardaş, sən yaman xəsissən. Sən məndən nə istəsən, verərəm, heyif ki, istəmirsən. Sənin bir kök toyuğun var. Könlümə toyuq əti düşüb, onu bişirtdir, gətir yeyək. 


Bəhlul deyir:
-Mən səndən səxavətliyəm.
Xəlifə deyir:
-Elə bir toyuğa görə?
-Mənim bircə toyuğum var, onu sənə gətirsəm, yerdə heç nə qalmaz. Amma sən mənə yüz toyuq da versən azdır. Çünki yerdə mini yenə qalar. Odur ki, haqq-hesaba vuranda mən səxavətli çıxaram.


Qərəz, Bəhlul toyuğun başını kəsdikdən sonra ayaqlarını və başını xəlifənin yanına gətirir. Xəlifənin oğlu və qızı da orada imiş. Süfrə salınır. Bəhlul toyuğu bir qabın içində ortalığa qoyur. 


Xəlifə deyir:
-Özün arif adamsan, bu toyuğu elə böl ki, hərənin adına layiq, işinə münasib oldun. 


Bəhlul o saat toyuğun başını xəlifənin qabağına qoyub deyir:
-Bu yalnız sənə layiqdir, çünki sən başçısan.


Qanadlarını qıza verir ki, sən quş kimi şeysən, bu gün burdasan, günlərin birində uçub gedəcəksən özgənin evinə. Qıçları xəlifənin oğluna verir ki, sənə də möhkəm ayaq lazımdır ki, gəzib dolanasan, özünə nişanlı tapasan, atanın tapşırıqlarına gedəsən. Mənə isə toyuğun bədəni düşür. Xəlifə gördü, Bəhlulu aldada bilmədi, odur ki, dedi:
-Bəhlul, toyuğun başında nə ət var ki, sən onu mənə verdin, indi mən nə yeyim?


Bəhlul dedi:
-Sən özün dedin ki, toyuğu elə böl ki, hamının adına münasib olsun. Mən də elə elədim.