Görkəmli şəxsiyyətlər

Canəli Əkbərov

Görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub. Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

 

1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaradıb.

 

 
Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib.
 
 
Geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil edib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.
 
 
Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil edib, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəb olub.
 
 
Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.
 
 
Canəli Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.