Bu maraqlıdır!

Diş protezləri necə yaranıb

Dişləriniz tökülsə, tək görünüş pis görünməyəcək. Dişsiz yeməyi də çeynəmək olmur. Odur ki, insanlar lap çoxdan itirdikləri dişi sünisiylə əvəz etmək fikrinə düşüblər. 

 

Düşmüş dişin sünisiylə əvəz olunmasına “protezləşdirmə” deyilir. Əsl dişlər töküləndə, onların yerinə ya diş protezi, ya da “körpü” qoyurlar. “Körpülərdə” “yalançı dişin” yükünü boş yerin qıraqlarındakı əsl dişlər çəkir. Protezdə süni diş ya damağın üstündə, ya da onun altında bərkidilir.


Protezləri də, körpüləri də hələ 3000 il qabaq indiki İtaliya ərazisində yaşayan, “qızıl ustaları” kimi şöhrət tapmış etrusk xalqı düzəldirdi. 

 

Həmin zamanlarda bu sahədə həll olunası ən vacib məsələ süni dişlərin ağızda düzgün yerləşdirilməsi idi. Amma süni dişin özünü, onun təməlini düzəltmək üçün hansı materialdan istifadənin daha məqsədəuyğun olduğunu tapmaq da bir problem idi.

 


Müasir stomatologiya bu problemləri elə uğurla həll edib ki, indi adamlar protez dişlər vasitəsilə, ağzında normal dişi olan insanlar kimi yeməyi həm yaxşıca çeynəyə bilir, həm də süni diş ağızda eynən elə təbii diş kimi görünür.

 

Qədim zamanlarda süni dişləri fil dişindən, yaxud sümüklərindən düzəldirdilər. Bu məqsədlə hərdən hətta begemot dişindən belə istifadə olunurdu. Bəzən bütün protezi sümükdən yonub ağıza yerləşdirirdilər. Sonralar adam dişindən, başqa heyvanların dişindən(xüsusilə qoyununkundan) istifadə etməyə başladılar.

 

Onları qızıldan, yaxud fil dişindən düzəltdikləri təməl üzərində möhkəm bərkidirdilər.

 

XVIII əsrin axırlarında isə çini dişlər dəbə düşdü. Onları qızıl, yaxud platin təbəqənin üzərində quraşdırırdılar. Belə dişlərin materialı elə çini qabların materialındandır. Çini möhkəm struktura, yarımşəffaf rəngə malikdir.


Yüz il əvvəl süni dişləri üzün formasına görə seçməyə başladılar. Bu gün isə protezlər forma və rəngi ilə əsl dişlərə o qədər bənzəyir ki, hərdən onları bir-birindən seçmək belə çətin olur.