Görkəmli şəxsiyyətlər

Hacı Hüsü

 Xanəndə, Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas, müəllim, bəzi muğamların yaradıcısı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu Kazımlı 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində anadan olmuşdur. Atası Niftalı kişi Şuşanın məşhur papaqçılarından idi.  İbtidai təhsilini molla yanında almış, sonra təhsilini mədrəsədə davam etdirmişdi. Gözəl səsi olduğundan müğənniliyə başlamışdı. Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə “Xandəmirovun teatrı” binasında “Xeyriyyə gecəsi”ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək “Çahargah”ı elə oxumuşdu ki, onun şöhrəti hər yerə yayılmışdı.

 Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. 1880-cı ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna, Təbrizə dəvət etmişdir.

 Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçiləriylə bərabər çıxış etmişdi. Lakin toyun sonunda şah tərəfindən verilən birinci mükafata məhz Hacı Hüsü layiq görülmüşdü.

 Hacı Hüsü XIX əsrin 80-ci illərində M. M. Nəvvab ilə birlikdə Şuşada “Musiqiçilər məclisi” təşkil etmişdi ki, bu məclisdə muğam sənəti müzakirə olunurdu. Hacı Hüsü gözəl xanəndə olmaqla bərabər, həm də Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas və müəllim kimi də məşhur idi. O, bir sıra muğamları təkmilləşdirmiş, onların yeni variantlarını yaratmışdır. Məsələn, o, “Kürdi” muğamına “Şahnaz”ı əlavə etmiş və yeni “Kürdi-Şahnaz” muğamını yaradıb oxumuşdur. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü Sadıqcanın tarda müşayiətilə “Qatar” muğamının da yaradıcısıdır. Hacı Hüsü xan qızı Xurşidbanu Natəvanın sevimli xanəndəsi olmuş, onun məclislərində iştirak etmişdi. O, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mənsurovun məclislərinə tez-tez dəvət olunardı.

 Təəssüf ki, bu görkəmli sənətkarın həyatının son illəri o qədər də xoş keçməyib. O, Ərəbistandan, Həcc ziyarətindən qayıtdıqdan sonra cahil mollaların təzyiqinə tuş gəlib. Yalançı zahidlər onun Hacı olduğu üçün oxumasını günah sayıblar. Onun üçün oxumamaq ölümə bərabər idi. Çıxış yolu kimi Aşqabada köçür. Vaxtilə yaxşı dolanışığı olan Hacı Hüsü həyatının sonunu ehtiyac içində keçirib.

 Hacı Hüsü 1898-ci ildə Aşqabad şəhərində vəfat etmişdi.