Yumor

Məgər bundan da böyük yalan olar

Günlərin birində iki nəfər gəlib Bəhluldan xahiş edirlər ki, atamız rəhmətə gedib, amma kənddə molla yoxdur, bəlkə, sən cənazənin üstə Quran oxuyasan. Bəhlul əvvəlcə bu təklifdən boyun qaçırır. Kişilər əl çəkmirlər. Zorla Bəhlulu yola gətirirlər. Lakin o deyir:


-Mən gedərəm, amma gərək orada bir nəfər də yalan danışan olmasın. 


Onlar deyirlər:
-Baş üstə. Bəhlul onlarla yola düşür və ölü olan yerə gedir. Bəhlul Quran oxuduğu yerə gəlib-gedənlər bir-bir, iki-iki çıxıb gedəndə ölü sahibinə başsağlığı verib deyirlər:


-Axır qəminiz olsun, bir də belə şey görməyəsiniz. 


Bəhlul ev sahibinə deyir:
-Bəs siz deyirdiniz ki, bu evdə yalan danışan olmayacaq?


Ev sahibi deyir:
-Bəhlul qardaş, kim yalan danışdı ki?  


Bəhlul deyir:
-Bura gələnlərin hamısı gedəndə ölü sahibinə deyirdi:
-Axır qəminiz olsun. Məgər bunlar bilmir ki, yaranan hər hansı bir insan axırda öləcək. Bundan da böyük yalan olar.