Aranla Dağın Bəhsi
ARANLA DAĞIN BƏHSİ-Ilaxır çərşənbələr və Novruz bayramı günlərində nümayiş etdirilən oyun- tamaşadır. Bir kimsə Aran, bir kimsə də Dağ rolunda çıxış etməklə deyişirlər:
Dağ deyər:
Yazın əvvəlindən suların qızar.
Qızdırma uşağın ürəyin üzər.
Gözəllər, məhbublar sinəmdə gəzər.
Xırda-xırda aşan yollar məndədi.
Aran deyər:
Süsənli, sünbüllü, güllü bağlarım.
Şam içində şölə çəkir yağlarım.
Bostandakı ala-bəzək tağlarım.
Qarpız, xiyar, dürlü nübar məndədi.
Dağ deyər:
Səfalı yaylağam başdan-binadan.
Sinəmdə bitibdi çox güli-xəndan.
Məndən dərs alıbdı neçə min loğman.
Dürlü-dürlü gözəl hallar məndədi.
Aran deyər:
Mənə həsrət çəkər buzlu qayalar.
Səndən dad eləyən məndən hay alar.
Baş-başa çatılı sarı mayalar.
Xırmanda çevrilən vəllər məndədi.
Dağ deyər:
İstərəm kütah edim bəhsimi.
Sənə baxıb ötürmərəm köksümü.
Dostum, həmdəmimdi yazın möhsümü.
Şux sənəmlər, incə bellər məndədi.