Bu maraqlıdır!

Soyadların tarixi

"Salam, tösmərək!"

"Əleyküm-salam, yekəbaş!"

"Ona bax, Həvədiş gəlir!"

 

Belə ifadələri, yəqin, eşitmisiniz? Biz bunu tam normal sayırıq və ətrafımızdakı adamlara uyğun gələn ləqəbləri, ayamaları elə bu gün də veririk.

 

Maraqlıdır ki, elə adlar da bu cür yaranıb! Aclıq əyyamında doğulan qıza Una (kelt dilində "aclıq" kimi tərcümə olunur) adı verə bilərdilər, sarışın saçlı qızı Blanş (fransız dilində "bəyaz" deməkdir) adlandırırdılar. Oğlanın adını Devid (yəni "sevimli") qoyardılar.

 

İnsanların neçə min ildir ki, adları var. Sonra, təxminən 1066-cı ildə, normanlar İngiltərəni işğal edəndə insanları bir-birindən daha dəqiq ayırmaq üçün soyadlarından istifadə etməyə başladılar. Məsələn, şəhərdə iki Devid ola bilərdi, onlardan biri yaman tənbəl idi. Ona görə də həmşəhərliləri ona Tənbəl Devid deyirdilər. 

 

İnsanlara ikinci ad vermək üçün cürbəcür üsullar vardı. Məsələn, ruslarda atalarının adını da öz adının yanına qoşurdular. Beləliklə, əvvəllər birisini "Andreyin oğlu Pyotr" çağırırdılarsa, sonralar ona "Pyotr Andreyeviç" dedilər.

 

İnsanları fərqləndirmək üçün başqa bir üsul da onların doğulduğu, yaşadığı, işlədiyi yerlə bağlı idi. Məsələn, dəyirmanda işləyən adama Melnikov ("melnitsa" rusca dəyirman deməkdir), meşə qırağında yaşayan birisinə Roşin ("roşa"- rus dilində kiçik meşə) dedilər.

 

Təbii ki, adamların peşəsindən də soyadları yaranırdı- Kojemyakin ("kojemyaka"-rusca dabbaq), Plotnikov ("plotnik"- rusca dülgər) və başqaları.

 

Buna bənzər vəziyyət Qədim Romada da vardı. İkinci ad- ata adı- uşağın mənsub olduğu ailəni, nəsli ifadə etmək üçün artırılırdı. Sonralar üçüncü adı əlavə etməyə başladılar.