Həsənəliağa Qaradaği
Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq Həsənəliağa Qaradaği 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olmuşdur. El arasında Balacaağa adı ilə çağırılıb. Hələ anasının bətnində ikən atası Həsənəli xan vəfat etmişdir. Ona öz atasının adını qoymuşlar. Anası Xatın xanım ərə getdiyinə görə, Balacaağa ilk əvvəl dayısının, sonradan Tiflisdə yaşayan əmisi Məhəmmədhüseynağa xan Qaradağskinin himayəsində böyümüşdür. 8-9 yaşa çatdıqda Şuşaya gəlmiş əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus qəza məktəbinə qoyub Tiflisə qayıdır.
Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirir. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutur və tək yaşamağa başlayır. Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Ələkbər Yusifzadədən ərəb, fars dillərini öyrənir. Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinaldan mənimsəyir. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayır. 1891-ci ildə əmisinin yeganə qızı Balaxanımla evlənir. 1897-ci ildə övladları olmadığından Balaxanımın razılığı ilə Həsənəliağa kasıb bir ailədən Teybə adlı qızla evlənir. Həsənəliağa ilə Teybə xanımın dörd övladı olur: Məhəmməd ağa, Çingiz ağa, Böyükxanım və Şəfqət ağa. 1922-ci ildə Həsənəliağa təqaüdə çıxır. 1924-ci ildə o, iflic olur, lakin 2-3 il ərzində müalicə olunub sağalır. H. Qaradaği yenə də ədəbiyyat və mədəniyyət sahəsində çalışır. Azərbaycan Xalq Maarif Komissarlığı Şuşa maarif şöbəsi tərəfindən ona maaş təyin edilir və Qarabağ şairləri haqqında materiallar toplayıb Bakıya göndərir. Azərbaycan məktəbləri arasında ilk yazı lövhəsi və partalardan istifadə edən məhz H. Qaradaği olmuşdur. Onun şagirdləri içərisində Zülfüqar bəy Hacıbəyov, Cəlil bəy Bağdadbəyovun adlarını çəkmək olar. Həsənəliağanın təşkil etdiyi məşğələlərinin əsas qayəsi uşaqları Qori müəllimlər seminariyasına hazırlamaq idi. 1881-ci ilin yanvar ayının 26-da Qafqaz canişinin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqazda yaşayan xalqların nümayəndələri ilk tədris ilində öz ana dillərində almalı idilər. 1881-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A. O. Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıları qarşısında ana dilində dərslik tərtib etmək kimi bir məsələ qoyur. Dəvət olunanlar sırasında Həsənəliağa da var idi. 1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan “Vətən dili” dərsliyinə H. Qaradağinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri daxil edilmişdi. O, həmçinin bir sıra görgəmli rus şair və yazıçılarının hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur. H. Qaradağinin bizə gəlib çatmış olan şeiriyyatı sırasında 50-dən çox qəzəl, müxəmməslər, növhələr, onlarla məktub vardır.
H. Qaradağinin Qarabağ tarixinə dair “Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri” adlı əsərini görkəmli tarixçimiz Nazim Axundov tərtib etmiş olduğu “Qarabağnamələr” kitabına daxil etmişdir. H. Qaradaği Şuşaya həsr etmiş “Qarabağ şəhəri” adlı əsərin və “Təzkireyi-Qaradaği”nin də müəllifidir. Azərbaycan ədəbiyyatşünaslığı H. Qaradağiyə ən azı bizim günlərə gəlib çatdırdığı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə borcludur. Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edib ilk folklorşünas olan da H. Qaradağidir. Həsənəliağa həm də gözəl xəttat olub. O, Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ” əsərini şikəstənəstəliq xətti ilə köçürərək bu qiymətli tarixi abidəni günlərimizə gəlib çatmasına xidmət göstərmişdir. Şuşada öz ilk kövrək addımlarını atan teatrın inkişafında Həsənəliağanın da özünəməxsus yeri var. O, səhnənin dekorasiyasından tutmuş, aktyorların geyimi və oynamaq tərzinədək müdaxilələr edirdi. Həsənəliağa yeri gəldikdə həm aktyorluq, həm də suflyorluq edərmiş. Həsənəliağa Qaradaği 1929-cu il dekabrın 2-də Şuşa şəhərində vəfat etmişdir.
14.03.2023