Yumor

Bəhlul mollanı pərt eləyir

Bir kəmsavad molla məscidin qabağına xeyli adam yığıb, onlara moizə oxuyurdu. Özü də bir tirin üstünə bir taxta uzatmışdı. Taxtanın bir ucunu ağartmış, o biri ucunu qaraltmışdı. 


Molla camaata deyirdi ki, ay camaat, bu dünyadan əl çəkib, axirət dünyasını tutun. Çünki insan o dünyada xoşbəxt olacaq. Molla fikrini inandırmaq üçün deyirdi:


-Ay camaat, baxın, taxtanın qara ucu bu dünyadır, o biri ucu axirət dünyasıdır. Çalışın ki, bu dünyanın ləzzətini atıb axirət dünyasında xoşbəxt olasınız. 


Molla taxtanın qara ucunu aşağı basanda ağ ucu yuxarı qalxırdı. Sonra o biri tərəfə yüyürüb taxtanın ağ ucunu aşağı basırdı, qara ucu yuxarı qalxırdı. 


Sonra molla camaata belə dedi:
-Camaat, görürsünüzmü, iki dünyanı əldə saxlamaq olmaz. Bir dünyanı tutanda, o biri dünya əldən gedəcək. 


Bu vaxt Bəhlul yol ilə gedirmiş. Mollanın bu sözlərini eşidib ayaq saxlayır, onun yanına gəlir. Bəhlul sıçrayıb həmin taxtanın düz ortasında dayanır, taxta taraz qalır. 


Bəhlul deyir:
-Camaat, görürsünüzmü, mən həm bu dünyanı, həm də o biri dünyanı əlimdə möhkəm tutmuşam.