Bu maraqlıdır!

Piramidalar

Piramidalar ilk fironların sərdabələridir. Firon Misirin hökmdarı idi. Xeops, Xefren və Mikerin piramidaları ən tanınmışlardır. Bu piramidalar çox böyükdür və onların tikintisində minlərlə adam işləyib.


Onlardan ən böyüyü olan Xeops piramidası iyirmi il ərzində tikilib. Bu sərdabənin tikintisində yüz min fəhlə işləyib və altı milyon beş yüz min ton daşdan istifadə edilib. Onu dünyanın yeddi möcüzəsindən biri hesab edirlər. Nəhəng Xeops piramidasının aşağı hissəsi tərəfləri 230 metrə bərabər kvadratdır və hündürlüyü 147 metrdir. Tikilinin əzəməti və konstruksiyanın mükəmməlliyi maraq doğurur. Bu, bir daha göstərir ki, Qədim Misirdə elm, texnika, riyaziyyat və memarlıq sahəsində çox müdrik adamlar olub. Xeops piramidasının daxili hissəsi labirint şəklindədir. Onun içərisində məzar üçün üç sərdabə var, firon üçüncü sərdabənin içərisində olan sarkofaqda dəfn olunub. Üçüncü sərdabə piramidanın təpəsinə yaxın yerləşir. Xeopsun sarkofaqına çatmaq üçün əvvəlcə birinci sərdabəyə düşmək lazımdır, sonra ikinciyə qalxmaq və yalnız bundan sonra üçüncüyə çatmaq olardı.