Xəbərlər

Bu gün Beynəlxalq Quşlar Günüdür

Aprelin 1-i dünyanın bir çox ölkəsində Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

 

Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən həyata keçirilən “İnsan və biosfer” bioloji proqramı çərçivəsində qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır.

 

Quşlarla bağlı əlverişsiz vəziyyətin göstəricisi müxtəlif səviyyəli Qırmızı kitablarda sadalanan növlərin sayı ola bilər. Dünya faunasının təxminən 10 min quş növündən 1200-dən çox növü və ya planetimizdəki quşların hər səkkizinci növü Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib.

 

Ornitoloqlar xəbərdarlıq edirlər ki, quşlar yox olarsa, ekoloji fəlakət gələ və bunun insanlar üçün nəticələri gözlənilməz ola bilər. Onların fikrincə, quşların məhvi bioloji müxtəlifliyə geridönməz ziyan vura bilər.

 

Zəngin fauna aləminə malik olan Azərbaycanda 400-dən çox quş növü qeydə alınıb. Qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir.