Vələmir
Vələmir- Qırtıckimilər və ya taxıllar fəsiləsinə aid, boyu 50-170 sm-ə çatan, birillik ot bitkisidir. Geniş şaxələnən lifli kök sisteminə malikdir. Zoğları 3-6 mm diametrində samanvari quruluşdadır. Tünd yaşıl rəngdə olan yarpaqları növbəli düzülüşlüdür. Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eradan əvvəl II minillikdə becərməyə başlamışlar. Müalicəvi xüsusiyyətlərinə görə toxum və samanı xalq təbabətində geniş istrifadə edilir.
Dünya florasının tərkibində vələmir cinsinin 22 növü yayılmışdır. Bunlardan Qafqazda 12, Azərbaycanda isə 11 növünə rast gəlmək olar. Vələmir cinsinin növləri birillik ot bitkiləri olub, əsasən Aralıq dənizi ölkələrinin ərazilərində yayılmışlar.
Vələmir mühüm qida əhəmiyyətli bitkidir. Ondan yeyinti və tibb sənayesinin müxtəlif sahələrində geniş istifadə edilir.
Toxumunun tərkibində silisiumun olması tükün tökülməsinin qarşısını alır. Bundan əlavə, toxumun tərkibindən üzvü turşulardan: quzuqulağı, limon, kəhraba; piyli yağlardan: lesitin, metionin, xolin, linol turşuları, stiqmasterin, setasinosterin, sterolid saponinləri, kumarinlər, vitamin və s. tapılmışdır. Bu maddələr orqanizmdə yağ-piy mübadiləsinin nizamlanmasında böyük rol oynayırlar.
Vələmirdən hazırlanan xörəklər qaraciyər hüceyrələrinə müsbət təsir edir, mədəaltı vəzin funksiyasını artırır. Vələmirin tərkibindəki fermentlər bağırsaqlarda gedən piy mübadiləsini nizamlayır və onların bağırsaqlar tərəfindən asan mənimsənilməsinə şərait yaradır.
Bir çox ölkələrdə vələmirdən hazırlanan sıyıq xörəklər sağlamlıq “eleksiri” adlandırılaraq səhər yeməklərinin əsasını təşkil edir.
Bundan başqa vələmir unundan “şirin pambıq” yeməyi və s. məhsullar da hazırlanır.
Vələmirdən yüksək keyfiyyətli qida məhsullarının hazırlanma üsulları qədim xalqlara da məlum idi.
Vələmir unundan hazırlanan müxtəlif növ çörəklərdən orqanizmin qüvvətləndirilməsində, ateresklerozda, damarların kirəcləşməsinin qarşısının alınmasında geniş istifadə olunur. Unun tərkibində olan kalium və manqan duzlarının zənginliyinə görə bundan hazırlanan çörəyi qaraciyər, ürək-damar, öd kisəsi xəstəliklərinə tutulan adamlara verdikdə yaxşı təsir edir. Vələmir dənindən hazırlanan müxtəlif növ yarmalar suyu özünə çəkərək selikli zülal, nişasta kütləsi əmələ gətirir ki, bu da mədə örtüyünü qıcıqlandırmır, mədə şirəsi fermentinin təsirindən mədə divarını kiçiltmir.
Qədim rus xalq təbabəti mənbələrindən vələmirdən hazırlanan kisellə bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilməsi barəsində maraqlı məlumatlara rast gəlmək olar.