Şeirlər

Fəridə Ləman. Zəfər bayrağı

Bir zəfər bayrağı sancdı zirvəyə,
Mənim igidlərim, mənim ərlərim.
Çökdü qarşısında əli uzunlar,
Hələ qarşıdadır al zəfərlərim!


Qurbandı canımız Torpağımıza,
Hər qarış tutyadır, Ana Vətəndir.
Soylu atalardan igid doğular,
Aprel döyüşləri bir imtahandır!

 

 

 

Titrədi torpağın, göyün ürəyi,
Dağların qoynuna səs-səda düşdü.
Vüqarla baxırdı dərələr, düzlər,
Buludlar yalvarıb ayağa düşdü.

 

Nə şirin dadın var, TORPAĞIM ,sənin,
Ana qucağısan,yad məskən salmaz.
Yuz illər nifrətim vardı nankora,
Ölüncə bu nifrət bir an azalmaz!

 

Atalar öyünüb qürurlanırdı,
Şərəf imzasını atdı ordumuz.
Qisas yanğısı ilə elə yanırdı,
Arzu,muradına çatdı ordumuz.

 

Sınaqdan ağ üzlə çıxdı bu Vətən,
Analar sevincdən yaşlar tökürdü.
Ordumuz Rəbbimdən bir güc almışdı,
Yağının başına daşlar tökürdü.

 

Vətən övladları-şəhid balalar,
Halal Torpağında rahat uyuyun.
Qəhrəman oğullar qisas alarlar,
Bitər nəhayət ki bu haqsız oyun!

 

Nə qədər Vətən var, qoyduğun yol var,
Köçəcək dünyadan minlər, milyonlar.
Aprel bahar fəsli, bahar arzulu,
Sizlə anılacaq o günlər, anlar!..

 

Min şeir, min dastan yazsam da yenə,
Qələmim gücsüzdür bu hünər üçün.
Nə deyim, nə yazım, özüm bilmirəm?!
Fəridə qurbandı igidlər üçün!.